ELM VƏ TƏHSİL
Məktəblilər ekskursiyalar çərçivəsində ölkə əhəmiyyətli tarixi abidələr barədə ətraflı məlumatlandırılırlar
Bakı, 3 noyabr, AZƏRTAC
Paytaxt məktəblilərinin müxtəlif tarixi abidələrə, mədəniyyət və incəsənət ocaqlarına, eləcə də istehsalat müəssisələrinə ekskursiyaları təşkil edilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin muzey, ali təhsil ocaqları və istehsalat müəssisələrinə səfərləri həyata keçirilir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, ekskursiyaların təşkil olunmasının əsas məqsədi məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdır.
Məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edir, ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlandırılırlar. Zavod və fabriklərə ekskursiyalar zamanı şagirdlər istehsalat prosesi ilə tanış olurlar. Həmçinin ali təhsil müəssisələrinin müəllim və tələbələri ilə məktəblilərin görüşləri keçirilir, tədris prosesi haqqında onlara məlumat verilir.
Bakı məktəbliləri üçün ekskursiyaların 2017-2018-ci tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.