CƏMİYYƏT
Məktəblilər əmək bazarı üzrə peşəkarlarla görüşüblər
Bakı, 4 iyun, AZƏRTAC
“Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsinin yekun mərhələsi çərçivəsində “Chevron Xəzər” LTD-nin dəstəyi və “Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər əmək bazarı üzrə peşəkarlarla görüşüblər.
Görüşün məqsədi əmək bazarında müxtəlif peşə sahələri üzrə mümkün karyera və iş imkanları barədə şagirdləri maarifləndirmək olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Bakı və ətraf rayonlarda yerləşən doqquz ümumtəhsil müəssisəsindən layihənin təlimlər mərhələsində fəallığı ilə seçilmiş 110 şagird iştirak edib.
Görüş zamanı “Chevron Xəzər” şirkətinin ölkəmiz üzrə rəhbəri Bəxtiyar Axundov, Təhsil Nazirliyinin müşaviri Həsən Həsənli və xarici əlaqələr şöbəsinin müdiri Muxtar Məmmədov, Bakı Baş Təhsil İdarəsinin inkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev, karyera məsləhətçisi və təlimçi Seymur Rəsulov, “Paşa Bank”dan Sabinə Atayeva, “Paşa Sığorta”dan Billurə Məhərrəmova və Kəmalə Alışzadə, “Youthinc” sahibkarlıq proqramından Zaur Ünsizadə, Səbinə İsgəndərova və başqaları şagirdlərlə öz təcrübələrini bölüşüblər.
Tədbirin sonunda şagirdlərə şəhadətnamələr təqdim edilib.