REGİONLAR
Məktəblilər üçün “Akademik İsmayıl Hacıyev-70” mövzusunda onlayn açıq dərs keçirilib
Naxçıvan, 21 yanvar, AZƏRTAC
AMEA Naxçıvan Bölməsində muxtar respublika məktəbliləri üçün “Akademik İsmayıl Hacıyev-70” mövzusunda onlayn açıq dərs şagirdlərin marağına səbəb olub.
Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli əvvəlcə akademik İsmayıl Hacıyevin 70 illik ömür yolu haqqında şagirdlərə məlumat verib. Qeyd olunub ki, ziyalı ailəsində dünyaya göz açan alimin tarix elminə marağının yaranmasında onun böyüyüb boya-başa çatdığı qədim və əzəmətli diyar böyük rol oynayıb. Vətənini, millətini sevən İsmayıl Hacıyev Azərbaycanın tarix elminin zənginləşdirilməsi, gələcək nəsillərin tarixi köklərimiz, dövlətçilik ənənələrimiz haqqında məlumatlı olması üçün ömrünün böyük bir hissəsini bu istiqamətdə elmi tədqiqatlara sərf edib. Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsində, Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvanın dövlətçilik ənənələrinin araşdırılmasında, müstəqilliyimizin bərpasından sonra Naxçıvan Muxtar Respublikasında əldə edilmiş irəliləyişlərin elmi nöqteyi-nəzərdən təhlilində akademik İsmayıl Hacıyevin böyük xidmətləri olub.
Fəxrəddin Səfərli alimin fəaliyyətinin müxtəlif dövrləri haqqında məlumat verərək şagirdləri onun ərsəyə gətirdiyi elmi əsərlərlə tanış edib. Qeyd edib ki, İsmayıl Hacıyev hər zaman tarix elmimizin yeni faktlarla zənginləşdirilməsinə dəyərli töhfələr verib. Bədnam qonşularımızın Naxçıvana qarşı irəli sürdüyü əsassız ərazi iddialarının bu gün də davam etdiyini diqqətə çatdıran professor deyib ki, İsmayıl Hacıyevin tarixboyu Naxçıvanda mövcud olmuş dövlətçilik ənənələrini dəqiq və sistemli şəkildə təhlil etməsi və tədqiqatların nəticələrinin müxtəlif əsərlərdə əks olunması həmin saxta iddiaların təkzib olunmasında ən tutarlı əsasdır.
Yubilyarın müəllimlikdən akademikliyə qədər keçdiyi gərgin fəaliyyəti, həyat yolu barədə danışan professor bildirib ki, insan elmin gücü ilə bütün hədəflərə çatmağa qadirdir. Bu günün savadlı məktəblisi sabahın ziyalısı, mütəxəssisi, ən əsası, vətəndaşı – xalqımızın gələcəyidir.