REGİONLAR
Məktəblilərin Qarabağ bölgəsinə ekskursiyası Füzuli rayonundan başlanıb VİDEO
“Ölkəmizi tanıyaq” devizi altında Qarabağ bölgəsinə ekskursiya edən Nərimanov və Qaradağ rayonlarının ümumtəhsil məktəblilərinin IX-XI sinif şagirdləri noyabrın 9-da Füzuli rayonunda olublar.
AZƏRTAC xəbər verir ki, xüsusi avtobuslarla Horadiz şəhərinə gələn məktəblilər ilk olaraq Dövlət Bayraq Meydanını ziyarət ediblər. Məktəblilərə məlumat verilib ki, 10 hektar ərazidə salınan Bayraq Meydanından bütün Horadiz şəhərini seyr etmək mümkündür. Burada geniş yaşıllaşdırma və abadlıq işləri görülüb. Meydana qalxmaq üçün sağ və sol tərəflərdə hər biri 287 pillədən ibarət olan sütunlu pilləkən tikilib. Bayraq dirəyinin yerdən hündürlüyü 68 metrdir.
Bayraq Meydanından Horadiz şəhərini və ətraf əraziləri seyr edən məktəblilərin ifasında Dövlət Himni səslənib və onlar xatirə şəkli çəkdiriblər.
Məktəblilər ekskursiyanı Heydər Əliyev parklarında davam etdirdiblər. Burada onları rayon ictimaiyyətinin nümayəndələri və füzulili məktəblilər qarşılayıblar. Şagirdlərə Füzuli rayonunun tarixi haqqında məlumat verilib. Bildirilib ki, işğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 82 kənd olub. Füzuli rayon mərkəzi 1993-cü il avqustun 23-də, rayon ərazisi isə bütövlükdə 1993-cü il oktyabrın 23-də işğal olunub. Müharibə zamanı rayon sakinlərindən 735-i şəhid olub, 1240 nəfər əlil, 181 nəfər isə itkin və girov düşüb. 8 nəfər füzulili Milli Qəhrəman adına layiq görülüb. İşğal nəticəsində rayonun maddi-mədəniyyət abidəsi məhv edilib.
1994-cü ilin yanvarında rayonun 21 yaşayış məntəqəsi işğaldan azad olunub. Rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Məcburi köçkünlər üçün 16 qəsəbə salınıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri, evlər, sosial obyektlər yenidən tikilib və bərpa olunub. Müharibə zamanı dağıdılmış Horadiz bu gün gözəlliyi ilə seçilən abad bir şəhərə çevrilib.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Onlar Ulu Öndərin həyatını, siyasi fəaliyyətini əks etdirən fotoşəkillərlə və sənədlərlə, qədim Azərbaycan dövlətləri haqqında məlumatlar və onların rəmzlərinin lazer görüntüləri ilə tanış olublar.
Horadiz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq aksiya iştirakçılarında xüsusilə böyük maraq oyatdı. Məlumat verildi ki, muzey 1981-ci ildə yaradılıb. 1993-cü ildə Qarabağ müharibəsinin gedişində muzeyin 7 mindən çox eksponatı rayondan çıxarılaraq Bakıdakı “İstiqlal” Muzeyində saxlanılıb. Mədəniyyət və Turizm Nazirliyi toplanmış çoxsaylı eksponatların tarixi əhəmiyyətini nəzərə alaraq 2006-cı ildə rayonun Bala Bəhmənli kəndində Füzuli Tarix-Diyarşünaslıq muzeyinin filialını açıb. Hazırda filialın fondunda xalqımızın qədim tarixinin və dövlətçilik ənənələrinin müxtəlif dövrlərinə işıq salan 1000-ə yaxın eksponat var. Muzeydə Azıx mağarasının maketi və ibtidai dövrdə istifadə olunan məişət və əmək alətləri nümayiş etdirilir. Bu eksponatların hamısı vaxtilə Füzuli rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadizdə tikilən bu muzey cari ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Muzeydə ibtidai dövr, tunc dövrü, orta əsrlər, yeni və ən yeni dövrlərə aid bölmələr var. Muzey məktəblilərin tez-tez gəldikləri məkandır.
Sonra məktəblilər Baş Mil kanalı üzərində inşa edilən Su Elektrik Stansiyasına gəliblər. Şagirdlərə elektrik enerjisinin istehsalı prosesi barədə məlumat verilib.
Nərimanov və Qaradağ rayonlarının məktəbliləri Füzuli rayonundan xoş təəssüratlarla ayrılıblar.