MƏDƏNİYYƏT
“Məktəblinin musiqi elektron kitabxanası”nın təqdimatı keçirilib
Bakı, 17 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Fevralın 17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və akademiyanın birgə təşkilatçılığı ilə “Məktəblinin musiqi elektron kitabxanası”nın təqdimatı keçirilib.
Bildirilib ki, ölkəmizdə ilk dəfə olaraq UNESCO üzrə Milli Komissiyanın dəstəyi ilə “Musiqi dünyası” jurnalının mütəxəssisləri tərəfindən musiqi və ümumtəhsil məktəbləri üçün “Məktəblinin musiqi elektron kitabxanası” hazırlanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək yaradılan yeni sistemin əhəmiyyətindən söz açıb.
Bildirib ki, İKT-nin ən son nailiyyətlərindən istifadə edilməklə, multimedia formatında hazırlanan elektron kitabxana özündə audio, canlı səslər, fotoşəkillər və s. birləşdirməklə onlardan eyni zamanda istifadəyə şərait yaradır. Həmçinin, yeni sistem elektron sənədlərin (müəllif və müəllifsiz, məlum olan və birtərəfli identifikasiyası mümkün sayılan tamamlanmış əsərlərin) rəngarəng kolleksiyaları – mətn, qrafika, audio-video informasiyaları istifadəçi üçün rahat, anlaşıqlı şəkildə, qlobal məlumat ötürmə şəbəkələri vasitəsilə qayğı ilə qorumağa və effektli istifadə etməyə imkan verir.
Daha sonra Xalq Artisti Ramiz Quliyev belə layihələrin həyata keçməsini Azərbaycan musiqi mədəniyyəti tarixində mühüm amil kimi qiymətləndirib.
Çıxışlarda qeyd olunub ki, virtual kitabxana tədris, məlumat-bilgi, kumulyativ (mədəniyyətin qorunması), translyasiya (mədəniyyətin yayılması və gələcək nəsillərə ötürülməsi), demokratik funksiyalara malik olan sənəd surətlərinin nizamlanmış məcmusudur. Elektron kitabxananın yaradılması sayəsində tədris prosesinin intensivləşməsi və qavrama fəaliyyətinin aktivləşməsi Azərbaycanda musiqi təhsilinin yeni növünün – “açıq musiqi təhsilinin” meydana gəlməsini şərtləndirəcək. Bu da vahid informasiya – təhsil məkanının inteqral forması ilə bağlı olub, həm ölkənin daxilində, həm də onun hüdudlarından xaricdə musiqi təhsilinin geniş miqyasda yayılmasına xidmət edəcək.
Qeyd edilib ki, martın 20-dək fəaliyyətinə start veriləcək “Məktəblinin musiqi elektron kitabxanası” sistemində Azərbaycan və dünya bəstəkarlarının 2563 musiqi əsəri yer alıb.