SİYASƏT
Məlahət İbrahimqızı: Soçi Bəyanatı gələcəkdə də erməni revanşist qüvvələrə qarşı mübarizədə misilsiz bir vasitə olacaq
Bakı, 27 noyabr, AZƏRTAC
Dünən bütün dünya mətbuatının və beynəlxalq ictimaiyyətin diqqəti və gözü Soçidə idi. 44 günlük Vətən müharibəsi zaman Azərbaycan xalqı öz doğma torpaqlarını təcavüzkar Ermənistanın işğalından azad etsə də bölgəmizdəki vəziyyət, daha doğrusu iki qonşu ölkə arasında münasibətin normallaşmasına çox ciddi əngəl olacaq problemlər qalmaqdadır. Ermənistanın kapitulyasiyasını təsdiq edən 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlar olsa da, işğalçı tərəf hər iki sənəddə əks olunmuş çox önəmli məsələlərin həllindən müxtəlif əsassız bəhanələrlə boyun qaçırır, ya da bunu uzadırdı.
Bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı AZƏRTAC-a açıqlamasında bildirib.
O qeyd edib ki, Qələbədən sonra Müzəffər Ali Baş Kamandan İlham Əliyev Ermənistana, eləcə də bütün dünyaya münaqişənin həll olunduğu, tarixi torpaqlarımızın işğaldan azad və ərazi bütövlüyümüz bərpa edilməsini bəyan etmişdi. Eyni zamanda, Prezident İlham Əliyev bölgədə yeni bir səhifənin açıldığını, buradakı xalqlar üçün gələcəkdə əmin-amanlıq, təhlükəsiz, sabit və dayanıqlı inkişaf mühitinin olacağı haqqında fikirlər səsləndirib. Çox təəssüf ki, ötən bir ildə təcavüzkar öz çirkin niyyətindən və əməlindən hələ də əl çəkə bilmədiyini göstərir. Ötən müddətdə Ermənistan tərəfi dəfələrlə müxtəlif təxribat xarakterli cinayətlər törətmiş və bunu hələ də davam etdirir. Ermənistan qeyd etdiyimiz iki sənəddə əks olunmuş çox önəmli bəndlərin yerinə yetirilməməsi üçün hər cürə təxribatlara əl atmağa davam edir. Sözsüz ki, Ermənistanın törətmiş olduğu hər təxribata Azərbaycan tərəfi misli ilə cavab verir, amma bütün bunlar bölgədəki davamlı sülhün bərqərar olmasında çox ciddi problemlərdir. İşğalçı Ermənistanın dekonstruktiv və xoşniyyətli olmayan bu əməlləri sərhədlərin delimitasiya və demarkasiyasını, Zəngəzur dəhlizinin açılmasının, sülh müqaviləsinin imzalanması kimi vacib məsələlərin yerinə yetirilməsinin qarşısının alınması məqsədini daşıyır. Əlbəttə, Azərbaycan hər zaman danışıqlar yolunu daha üstün tutub. Bu mənada Soçidə dünən keçirilmiş üçtərəfli görüş məhz Cənubi Qafqazın, eləcə də bizim bölgənin gələcək taleyi üçün müstəsna əhəmiyyətli məsələlərin həll olunmasında önəmlidir.
“Rusiyanın vasitəçiliyi ilə keçirilən bu görüş Azərbaycan üçün, onun marağı baxımından hədsiz dərəcədə əhəmiyyətli idi. Biz bu görüşdən öz marağımızı təmin edən cavabları aldıq. Ən əsas marağımız isə, sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin ən qısa zamanda fəaliyyətə başlaması və sülh sazişinin tezliklə imzalanması idi ki, Prezident İlham Əliyev ötən dövr ərzində bunları bütün müsahibələrində, görüşlərdə və qatıldığı beynəlxalq tədbirlərdə səsləndirir. Bu mənada məhz bu məsələlər də dünənki Soçi görüşündə Azərbaycana heç bir şərt qoyulmadan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən nəinki səsləndirildi, çox tezliklə bu məsələlərin həll olunmasının zəruri olduğu bildirildi. Diqqətçəkən məqam da elə odur ki, bu məsələlərlə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fikirləri sanki Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini gücləndirməklə bərabər təsdiq etdi”, - deyə Milli Məclisin deputatı söyləyib.
Məlahət İbrahimqızı diqqətə çatdırıb ki, bu Bəyanat nəinki bu gün böyük əhəmiyyətə malikdir. Bu sənəd tarixi bir sənəd kimi gələcəkdə də erməni revanşist qüvvələrə qarşı mübarizədə misilsiz bir vasitə olacaq. Bir daha vurğulamalıyıq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Soçi görüşündə çıxışında “Dağlıq Qarabağ” ifadəsi işlətsə də, qəbul edilmiş Bəyanatda bu ifadənin olmaması da vacib məqam idi.