CƏMİYYƏT
Memarlıq və İnşaat Universitetində “İlin ən yaxşıları” mükafatlandırılıb
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaranmasının 41-ci və bu ali təhsil ocağının tələbə gənclər təşkilatının (TGT) fəaliyyətə başlamasının 11-ci ildönümü münasibətilə “İlin ən yaxşıları” nominasiyası üzrə mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə təşkil olunan mərasimdə “İlin ən yaxşı müəllimi”, “AzMİU TGT-nin dostu”, “İlin ən yaxşı fakültə üzrə TGT-si”, “İlin ən yaxşı ictimaiyyətçi tələbəsi” və “İlin ən yaxşı tələbəsi” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.
Tədbirdə Xocalı soyqırımı və 2009-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində törədilmiş terror aktı ilə bağlı AzMİU TGT-nin fəalları tərəfindən hazırlanan videoçarxlar nümayiş etdirilib.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov, Yasamal Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, universitetin rəhbər heyəti tədbirdə çıxış edərək əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıblar.