ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universitetində görkəmli sənətşünas alim Mürsəl Nəcəfovun sərgisi açılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin sərgi salonunda görkəmli alim, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mürsəl Nəcəfovun 100 illik yubileyi ilə əlaqədar sərgi açılıb.
Tədbirdə AzMİU-nun professor-müəllim heyəti, görkəmli alimin ailə üzvləri, onu sevən dostları, uzun illər çalışdığı Təsviri incəsənət kafedrasının müəllimləri, tələbələr iştirak ediblər.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, sərginin açılışında çıxış edən Təsviri incəsənət kafedrasının müdiri Elturan Avalov sənətşünas alimin yaradıcılığına nəzər salıb, həyatı və sənət fəaliyyətindən danışıb. O, həyatını təsviri sənət nəzəriyyəsi və onun təbliği məsələsinə həsr edən tədqiqatçının Təsviri incəsənət kafedrasına rəhbərlik etdiyi dövrdə gördüyü işləri xatırladıb.
Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev isə Mürsəl Nəcəfovun istedadlı sənətşünas, təsviri sənəti varlığı qədər sevən ziyalı olduğunu söyləyib. Görkəmli alimin Sovet İttifaqı Qəhrəmanı, unudulmaz əfsanəvi insan Mehdi Hüseynzadə ilə dostluğundan danışan Z.Əliyev rəssamın müxtəlif illərdə çəkdiyi əsərlərinin indi də öz aktuallığını saxladığını, əsərlərinin və elmi metodiki vəsaitlərinin gənc memar və rəssamlara gələcək fəaliyyətlərində kömək ola biləcəyini deyib.
Sərgi iştirakçıları görkəmli alimin həyat və fəaliyyətini özündə əks etdirən fotolar, rəsm, qrafik əsərləri, kitabları, dövrü mətbuatda haqqında çıxan qəzet və jurnal materialları ilə tanış olublar.