ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universitetinin futzal üzrə yığma komandası turniri qələbə ilə başa vurub
Bakı, 7 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin yeni korpusunun idman zalında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) təşkilatçılığı ilə 16 ali məktəb komandası arasında keçirilən futzal turniri yekunlaşıb.
Turnirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) futzal üzrə yığma komandası da iştirak edib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, yığma komanda beş görüşün dördünü qələbə ilə başa vurub və final mərhələsinə yüksəlib. Final mərhələsində Gəncə Dövlət Universitetinin yığması ilə qarşılaşan futzalçılar rəqib komandaya 7:3 hesabı ilə qalib gəliblər. Turnirin ən məhsuldar oyunçusu Sabir Əlişanov olub. O, rəqib qapılarından 18 top keçirib.
Qeyd edək ki, turnirin sonunda I, II, III yerləri tutan komandaların mükafatlandırma mərasimi keçiriləcək. Qaliblər kubok, medal və diplomlarla təltif olunacaqlar. Həmçinin turnirlərdə fərqlənən idmançılara hədiyyələr veriləcək.