MƏDƏNİYYƏT
Mən səhnəsiz qala bilmirəm, mən artistəm
Azərbaycan Dövlət Rus Dram Teatrında Yefim Şifrinin konserti olub
Bakıda ilk dəfə olaraq noyabrın 8-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Rusiyanın tanınmış artisti Yefim Şifrinin “Şifrinizmı New” adlı konserti olub.
Çıxışının əvvəlində danışıq janrının bənzərsiz ustası olan Y.Şifrin Bakı tamaşaçılarını əlamətdar gün – Dövlət Bayrağı Günü münasibətilə təbrik edərək Bakının gözəlliyinə və cazibədarlığına valeh olduğunu bildirib. O, qeyd edib ki, gözəl paytaxtımızın dinamik inkişafına bir daha əmin oldu və əgər əvvəllər şəhərlər haqqında “Paris kimi gözəldir” deyirdilərsə, indi cəsarətlə “Bakı kimi gözəldir” deyə bilərlər.
Konsert proqramı çərçivəsində artist məşhur və yeni satirik monoloqlarla, yumoristik miniatürlərlə çıxış edib, mahnı oxuyub, lətifələr söyləyib. Gözəl payız axşamında təşkil olunmuş konsert zalda toplaşanlara xoş təəssürat, yaxşı əhval-ruhiyyə bəxş edib.
Sonda tamaşaçılar sevimli artisti hərarətlə alqışlayıb, ona çiçək dəstələri bağışlayıblar.