ELM VƏ TƏHSİL
“Menecmentin əsasları” dərs vəsaiti çap olunacaq
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmi şuranın iclasında “2016-2017-ci tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti”, “ATMU kollektivinin Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında iştirakı” ilə bağlı hesabatlar dinlənilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, rektor səlahiyyətlərini icra edən Eldar Aslanov çıxışında deyib ki, ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" kollektivi daha mütəşəkkil işləməyə səfərbər edir. İxtisaslı kadr hazırlığını hədəfləyən ATMU ailəsindən keyfiyyətli mütəxəssis ordusu formalaşdırmaq tələb olunur. Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün qüvvələr səfərbər olunmalıdır.
İclasda universitetin doktorantı Əli Hənifəyevin “Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Naxçıvan Muxtar Respublikasının balneoloji mineral su ehtiyatlarının tədqiqi və rekreasiya cəhətdən qiymətləndirilməsi” mövzusunda dissertasiya işi, eyni zamanda, “Menecmentin əsasları” dərs vəsaitinin çap olunması səs çoxluğu ilə təsdiq edilib. Dərsliyin müəllifləri Eldar Aslanov, İsrayıl İsgəndərov, Elza Bayramova, Ülkər Sadıqova, Fuad Cəfərli, Vidadi Baxışov, Nuray Rüstəmova, Nazim İbadov, Leyla Sultanlı və Afaq Həsənovadır.
Hesabatlar qənaətbəxş qiymətləndirilib, 2016/2017-ci tədris ilinin yay imtahan sessiyası müddətində planlaşdırılan vəzifələrin yüksək səviyyədə icrası üçün səylərin artırılması, dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbələrimizin daha fəal və səmərəli iştirakına dair təkliflərin nəzərə alınması tövsiyə edilib.