İQTİSADİYYAT
Mənfəətin bölgüsü üsulu nədir?

Bakı, 5 iyun, AZƏRTAC
Vergi Məcəlləsinin 14-1.1.4-cü maddəsinə əsasən, ayrı-ayrı əməliyyatlar haqqında müqayisə edilə bilən məlumatlar mövcud olmadıqda və ya rəsmi və açıq mənbələrdən malların (işlərin, xidmətlərin) bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında təqdim edilmə qiyməti barədə məlumat əldə etmək mümkün olmadıqda, transfer qiyməti mənfəətin bölgüsü üsuluna əsasən müəyyənləşdirilir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla bildirir ki, məsələyə maliyyə və vergi eksperti Rəşad Məmmədov aydınlıq gətirib.
Bildirib ki, mənfəətin bölgüsü üsulu bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında əməliyyatlar aparıldığı zaman tərəflərdən hər birinin həmin əməliyyatlardan əldə etdiyi mənfəətin həmin şəxslər arasında bu maddəyə əsasən bölüşdürülməsidir: “Mənfəətin bölgüsü üsulu - əməliyyatdan əldə edilən mənfəəti müəyyən edir ki, bu da sövdələşmə iştirakçıları arasında bölüşdürülməlidir. Mənfəətin bölgüsü üsulundan istifadə edilərkən hesabat dövrü ərzində sövdələşmə iştirakçıları arasında əldə edilən ümumi mənfəət, bu ümumi mənfəəti əldə etmək üçün onların hər birinin qoyuluşlarından asılı olaraq bölüşdürülür. Qoyuluşların dərəcəsi iqtisadi əsaslandırmaya, funksional təhlilə, risklərə, iştirakçıların xərclərinə uyğun müəyyən edilir”.