CƏMİYYƏT


“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Bakı, 3 avqust, AZƏRTAC

Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün reallaşdırılan “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində avqustun 3-də növbəti tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Dreamland Golf Club”ın ərazisində keçirilən tədbirdə şəhid qəhrəmanlarımızın övladları və həyat yoldaşları bu dəfə yoqa idmanı üzrə mütəxəssislərlə məşqlər keçiblər. Məqsəd onlarda idmana maraq oyatmaq, eləcə də qəhrəman övladlarının səmərəli istirahətini təşkil etmək, uşaqlara tək olmadıqlarını, onların daim xalqımızın diqqət mərkəzində olduqlarını hiss etdirməkdir.

Həmçinin uşaqların əyləncəli günündə iştirak edən müxtəlif nağıl personajları da onlarda unudulmaz təəssürat oyadıb.

Türkiyənin dövlət bayrağı ilə şəkillər çəkdirən şəhid övladları “Bu birliklə əzəmətsən, sən sevgisən, məhəbbətsən, Azərbaycan-Türkiyə!” şüarını səsləndirərək çətin gündə qardaş ölkəyə dəstək ifadə ediblər.

Gecənin xüsusi qonağı olan Röya Ayxan uşaqların əyləncəsini daha rəngarəng və maraqlı edib.

Tədbirdə Müdafiə Nazirliyinin rəsmisi Aydın Eyyubov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək deyiblər ki, “Fire Land Production”ın təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi müzəffər Azərbaycan Ordusunun nüfuzunu cəmiyyətdə daha da yüksəltmək, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini yad etmək və gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsinə töhfə verməkdir.

Yekunda şəhid övladları səmaya ağ göyərçinlər uçuraraq, dünyaya “Müharibə olmasın!” mesajını veriblər.

Sonra qəhrəman şəhidlərimizin ailə fotolarından ibarət videoçarx nümayiş olunub.

Tədbirdə şəhid ailələrinin övladlarına “Xarıbülbül” döş nişanları təqdim edilib.

Qeyd edək ki, “Fire Land Production”ın təşkilatçılığı ilə həyata keçirilən “Mənim atam qəhrəmandır” layihəsinin təşkilatı işlərində şəhid ailələrinin üzvləri də yaxından kömək göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.