MƏDƏNİYYƏT
“Mənim sənətim” adlı fotosərgi
Bakı, 26 noyabr, Pərvanə İmanova, AZƏRTAC
Noyabrın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Mənim sənətim” adlı fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində professorlar Məryəm Əlizadə, Amin Novruzov və digərləri çıxış edərək ADMİU-nun operator ixtisası üzrə təhsil alan tələbələrinin yaradıcılıq potensialını nümayiş etdirmək və onların istedadlarını üzə çıxarmaq istiqamətində bu cür sərgilərin təşkilinin önəmli olduğunu söyləyiblər. Bildirilib ki, operator sənətinə yiyələnmək və öz işinin peşəkarı olmaq üçün fotoqrafiya sənətinin incəliklərini, texnikasını, ekspozisiyanı daha mükəmməl şəkildə öyrənmək vacibdir.
Sərgidə ADMİU-nun kino rejissoru və televiziya rejissoru sənəti kafedrasının operator ixtisası üzrə təhsil alan II kurs tələbələrinin müxtəlif mövzularda 41 işi nümayiş olunub.
Kursun rəhbəri Əməkdar İncəsənət Xadimi Amin Novruzovdur.
Sərgidə tələbələrin portret, natürmort, peyzaj və digər janrlarda işləri maraqla qarşılanıb.