MƏDƏNİYYƏT


“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir

Bakı, 8 sentyabr, AZƏRTAC

Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində elan edilən “Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir. Müsabiqə rəssamlıq istedadı olan məktəblilərin yay tətili ərzində diqqət çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə elan edilib.

AZƏRTAC xəbər verir ki, müsabiqəyə qeydiyyat bu il oktyabrın 15-dək aparılacaq. Qeydiyyat üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Mənim yay tətilim-2020” və ya http://xsm.az/site/menimyaytetilim2020/ linkinə daxil olub 1 və ya 2 əsərin fotosunu daxil etməklə göstərilən anketi doldurmaq tələb olunur.

Seçim iki yaş kateqoriyası üzrə (12 yaşa qədər, 12-17 yaşarası) keçiriləcək. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

Birinci turdan keçmiş əsərlərin müəllifləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqlar.

Müsabiqənin münsiflər heyətinin seçimi ilə razı olmayanlar (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan sonra 3 iş günü ərzində [email protected] elektron ünvanına müraciət edə bilərlər.

Təşkilat komitəsi münsiflər heyətinin seçimi ilə razılaşmayan iddiaçılar üçün əvvəlcədən gün təyin edəcək, müəyyən zaman müddətində iddiaçı Xətai Sənət Mərkəzinə dəvət olunacaq və ona peşəkarların nəzarəti altında yeni rəsm çəkməklə öz bacarığını nümayiş etdirməyə imkan yaradılacaq.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Müsabiqəyə AZƏRTAC da informasiya dəstəyi verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.