SİYASƏT


Mərakeşdə Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsi anılıb

Rabat, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyində Ermənistanın işğalçı ordusu tərəfindən Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində həlak olan dinc sakinlərin xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Mərakeş dostluq qrupunun və Azərbaycanda Təhsil Almış Tələbələr Cəmiyyətinin üzvlərinin, mərakeşli politoloq və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizin Krallıqdakı səfiri Oktay Qurbanov çıxış edərək, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən təmas xətti boyunca ölkəmizə qarşı davam edən növbəti hərbi təcavüzün qarşısının alınması istiqamətində müzəffər Ordumuz tərəfindən əks-hücum əməliyyatları və təmas xəttinə bilavasitə yaxın ərazilərdə yerləşən dinc Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilən cavab tədbirləri barədə məlumat verib.

Səfir Ermənistan silahlı qüvvələrinin əldə olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq oktyabrın 11-i və 17-də Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncəyə ballistik raket hücumu nəticəsində çox sayda mülki vətəndaşın öldüyünü və yaralandığını bildirib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasından sonra dinc əhali yaşayan şəhər və kəndlərimizi atəşə tutmasının Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən atəşkəs çağırışlarının onların məkrli niyyətlərini həyata keçirməkdən başqa bir şey olmadığını göstərdiyi qeyd olunub.

Diplomat terrorizmi siyasi alətə çevirmiş Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı qəddar hücumlarını qətiyyətlə qınayaraq, bunun beynəlxalq humanitar hüququ, 1949-cu il Cenevrə Konvensiyasının müvafiq bəndlərini kobud şəkildə pozan qeyri-insani əməllər olduğunu qeyd edib, müvafiq beynəlxalq təşkilatların buna göz yummayacağına inandığını bildirib.

Sonra səfir O.Qurbanov Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək verən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri əsasında həllinə tərəfdar olan Qoşulmama Hərəkatına üzv dövlətlərin Xarici İşlər nazirləri toplantısında qəbul edilmiş xüsusi bəyanat barədə məlumat verib. Diplomat Azərbaycanın haqq işinə münasibətdə ədalətli mövqe nümayiş etdirən bütün dövlətlərin, o cümlədən ikitərəfli müstəvidə dost olan Mərakeşin dəstəyinin Azərbaycan hökuməti və xalqı tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıb.

Tədbirdə çıxış edən dostluq qrupunun üzvləri təcavüzkar Ermənistanın hücumları nəticəsində həlak olan dinc sakinlərə Allahdan rəhmət diləyib, xalqımıza başsağlıqlarını ifadə edib, Mərakeş xalqının Azərbaycanın haqq işində xalqımızla həmrəy olduğunu bildiriblər.

“Əl-İslah va əl-Tənmiyə” qəzetinin baş redaktoru Ə.Mutçu Azərbaycan haqqında yazdığı və yaxın günlərdə işıq üzü görəcək kitabında Ermənistanın hərbi təcavüzünün də yer aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda səfir iştirakçıların Ermənistanın hərbi təcavüzü ilə bağlı suallarını cavablandırıb, yerli KİV-lərə müsahibə verib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.