DÜNYA
Mərakeşin turizm agentlikləri sərhədlərin dərhal açılmasını tələb edirlər
Rabat, 7 yanvar, AZƏRTAC
Mərakeşin turizm agentliklərinin təqribən 200 təmsilçisi Rabatda, Turizm Nazirliyinin binası qarşısında nümayiş keçiriblər. Onlar sərhədlərin açılmasını və COVID-19 pandemiyasından zərər çəkmiş turizm sektorunun xilas olunmasını tələb edirlər.
AZƏRTAC xəbər verir ki, Mərakeş “omikron” ştamı aşkarlanması səbəbindən noyabrın 29-da sərhədlərini bağlayıb. Mərakeşli turoperatorlar müflisləşmə təhlükəsi barədə xəbərdarlıq edirlər.
Mərakeş sərhədlərinin bağlanması Misir, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri kimi tanınmış turizm istiqamətləri üçün sərfəli olub. Belə ki, Mərakeş otellərində əvvəlcədən tutulmuş yerlər bu istiqamətlərin xeyrinə ləğv edilib.
Mərakeşin turizm agentlikləri bu turizm agentliklərinin fəaliyyət xarakterindən asılı olmayaraq, turizmin xilas edilməsi təklifini, məhz əlavə dəyər vergisinin 20 faizdən 7 faizə endirilməsi təklifini irəli sürüblər. Çünki xidmətlərin böyük hissəsi xaricdə həyata keçirilir və xaricdə ödənilən əlavə dəyər vergisi geri qayıtmır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat