MƏDƏNİYYƏT
Mərdəkanda “Mədəniyyət müəssisələrinin aktuallığının artırılması yolları” mövzusunda təlim təşkil edilib
Bakı, 3 iyul, AZƏRTAC
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Bakı şəhər Mədəniyyət İdarəsi ilə birgə Mərdəkan Mədəniyyət Sarayında müxtəlif profilli müəssisələrdə çalışan metodistlər üçün “Mədəniyyət müəssisələrinin aktuallığının artırılması yolları” adlı təlim keçirib.
AZƏRTAC xəbər verir ki, təlim çərçivəsində Elmi-Metodiki Mərkəzin hazırladığı metodiki vəsaitlərin təqdimatı və müzakirəsi təşkil olunub.
Metodiki vəsaitlərin müzakirəsi ilə yanaşı mədəniyyət müəssisələrinin və orada çalışan əməkdaşların fəaliyyətinin modernləşməsi yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev mədəniyyət müəssisələrinin fəaliyyətinin əlaqələndirilmiş şəkildə təşkil olunmasının vacibliyini bildirib. Fəaliyyətin əlaqəli şəkildə təşkilinin mədəniyyət siyasətinin qarşısında duran vəzifələrin icrasına xidmət edəcəyini vurğulayan A.Usubəliyev mütləq olaraq kreativ metodlardan da geniş istifadə olunmasının əhəmiyyətini qeyd edib.