İQTİSADİYYAT
Mərkəzi Bank “Bakutel-2017” sərgisində iştirak edib
Bakı, 7 dekabr, AZƏRTAC
Mərkəzi Bank “Bakutel-2017” sərgisində iştirak edib.
Bankın beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentindən AZƏRTAC-a bildirilib ki, Bakıda keçirilən və İKT sahəsi üzrə aparıcı tədbir hesab olunan “Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında Mərkəzi Bankın da iştirakı təmin edilib və bankda tətbiqi yeni həyata keçirilmiş dünyanın ən qabaqcıl “İnformasiya texnologiyaları xidmətlərinin idarə edilməsi sistemi” (İTSM) olan BMC Remedy məhsulu ilə bağlı təqdimat nümayiş etdirilib.
Təqdimat zamanı informasiya texnologiyaları sahəsində qabaqcıl təcrübə toplusu olan İTİL metodologiyası əsasında hazırlanmış, müraciətlərin və insidentlərin idarə edilməsi proseslərini əhatə edən BMC Remedy sisteminin funksional imkanları haqqında geniş məlumat verilib. Daha sonra İTSM-in digər komponenti olan və Mərkəzi Bankın lokal şəbəkəsinə qoşulmuş bütün avadanlıqların konfiqurasiyalarının real vaxt rejimində izlənilməsi imkanını yaradan Konfiqurasiyaların idarə edilməsi sistemi nümayiş etdirilib.
Beynəlxalq standartlara uyğun müasir informasiya texnologiyaları infrastrukturunun qurulması məqsədilə dünyada baş verən yeniliklərin izlənilməsi və İKT üzrə təşkil olunan sərgilərdə iştirak edərək innovativ texnoloji həllərin araşdırılması və öyrənilməsi Mərkəzi Bankın daim diqqət mərkəzindədir.