İQTİSADİYYAT
Mərkəzi Bank "POS-terminal" haqqında animasiya hazırlayıb
Bakı, 1 mart, AZƏRTAC
Mərkəzi Bank "POS-terminal" haqqında animasiya hazırlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin əsas icraçı kimi bilavasitə Mərkəzi Bankın müəyyən edildiyi "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" sərlövhəli 5-ci Strateji hədəfinin icrası və eləcə də ölkədə maliyyə savadlılığı səviyyəsinin artırılması fəaliyyəti davam etdirilir. Mərkəzi Bank tərəfindən 2011-ci ildən etibarən icra edilən əhalinin maliyyə savadlılığının artırılması tədbirləri 2015-ci ildən mahiyyətcə yeni mərhələyə qədəm qoyub. Belə ki, Mərkəzi Bank tərəfindən bu məqsədlə yaradılmış maliyyə savadlılığı portalında (www.bizimpullar.az) mütəmadi olaraq yeni maarifləndirici animasiyalar yerləşdirilir. Qeyd olunan maarifləndirici materiallardan biri kimi hazırlanan "POS-terminal" adlı animasiyada nağdsız ödənişlərin həcminin artırılmasının vacibliyini nəzərə alaraq nağdsız ödənişlərin üstünlüyü və POS-terminaldan istifadə qaydaları ətraflı izah edilib.
Videoçarxa aşağıdakı linkdə baxmaq olar:
https://bizimpullar.az/popup/media/119?cat=Blocks
Xatırladırıq ki, portal istifadəçilərin mobil cihaz və yaxud kompüter vasitəsilə hər anda rahat şəkildə maariflənməsinə xidmət edir. Portalda iqtisadiyyat və maliyyə sahəsində informativ materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar və kalkulyatorlar, virtual muzey və məktəblilər üçün rubrika yer alıb. Həmçinin xəbərlər bölməsinə daxil olaraq Mərkəzi Bankın maliyyə savadlılığı istiqamətində həyata keçirdiyi tədbirlərlə tanış olmaq mümkündür.