İQTİSADİYYAT
Mərkəzi Bank iş yerlərində maliyyə savadlılığı təlimləri keçirib
Bakı, 10 yanvar, AZƏRTAC
Mərkəzi Bank ötən ilin ikinci yarısında bir sıra dövlət və özəl təşkilatların 200-ə yaxın əməkdaşı üçün iş yerlərində maliyyə savadlılığı təlimləri keçirib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, təlimlər zamanı büdcə planlaşdırılması, bank əməliyyatları, pulköçürmələri, pulun təhlükəsizlik elementləri, nağdsız ödənişlər mövzuları tədris olunub, maliyyə savadlılığı portalı (bizimpullar.az) və Virtual təhsil platforması (edu.e-cbar.az) haqqında məlumatlar verilib. Həmçinin Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun dəstəyi ilə bu təşkilatların işçilərinə "Yığım" interaktiv oyunu keçirilib.
Eyni zamanda, bu müddət ərzində pilot layihə kimi "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin 70-dən artıq üzvünə bank əməliyyatları, kredit, zaminlik və bank istehlakçılarının hüquqlarının qorunması mövzusunda təlimlər keçirilib, mövzular ətrafında müvafiq animasiyalar nümayiş etdirilib, müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimlərdə iştirak etmiş əlil sahibkarlara öyrədici vəsaitlər və maarifləndirici materiallarla zəngin elektron məlumat daşıyıcıları paylanılıb.
Mərkəzi Bankın təşəbbüsü ilə maliyyə maarifləndirilməsi istiqamətində müxtəlif təlimlərin, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə prioritet istiqamət kimi müəyyənləşdirilmiş "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" hədəfi üzrə tədbirlərin icrasını davam etdirir.