İQTİSADİYYAT
Mərkəzi Bankın "Twitter" səhifəsi istifadəyə verilib
Bakı, 26 dekabr, AZƏRTAC
Mərkəzi Bankın "Twitter" sosial şəbəkəsində səhifəsi istifadəyə verilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, səhifənin hazırlanması və idarə olunmasında qabaqcıl mərkəzi bankların mütərəqqi təcrübələrindən istifadə olunub. Səhifədə Mərkəzi Bankın qəbul etdiyi qərarlar, eləcə də müxtəlif fəaliyyət istiqamətləri üzrə əməliyyat çərçivəsi barədə press-relizlər, operativ məlumatlar, elanlar, həmçinin Mərkəzi Bankın dövri nəşrləri barədə və digər faydalı məlumatlar yerləşdiriləcək. Bunlardan əlavə, müxtəlif hədəf qruplarının iqtisadi maarifləndirilməsi işinin daha da gücləndirilməsi məqsədilə maarifləndirici materiallar barədə məlumatlar da izləyicilərə təqdim olunacaq.
Səhifə məzmun etibarilə daim zənginləşdiriləcək, hədəf qrupları ilə daha geniş kommunikasiya imkanlarından aktiv istifadə olunacaq. Hədəf qruplarının adekvat gözləntilərinin idarə olunması məqsədilə peşəkar izləyicilərin, akademik dairələrin, ekspertlərin rəylərinin öyrənilməsi başlıca missiyası ölkədə makroiqtisadi sabitliyə, iqtisadi inkişafa dəstək verməkdən ibarət olan Mərkəzi Bankın siyasətinin və fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, həmçinin bütövlükdə ictimaiyyətdə iqtisadi və maliyyə savadlılığının artırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Səhifəyə keçid linki Mərkəzi Bankın rəsmi internet səhifəsində (www.cbar.az) yerləşdirilib.
Qeyd edək ki, Mərkəzi Bankın kommunikasiyasının strateji hədəfi onun hədəf qruplarının adekvat iqtisadi gözləntilərinin formalaşdırılmasına və yönəldilməsinə nail olmaq, bununla da missiyanın daha effektiv yerinə yetirilməsindən ibarətdir. Bu baxımdan effektiv kommunikasiya siyasəti və onun uğurlu əməliyyat çərçivəsi başlıca vasitədir. Bu xüsusda geniş ictimaiyyətlə, xüsusilə də aparıcı hədəf qrupları ilə aktiv kommunikasiya imkanlarına nail olunması Mərkəzi Bankın daim diqqət mərkəzindədir.
Mərkəzi Bankın qəbul etdiyi kommunikasiya strategiyası və onun əməliyyat çərçivəsi bu sahədə mütərəqqi dünya təcrübəsinin, xüsusilə də texnoloji yeniliklərin imkanlarının daim tətbiqinə imkan verən prinsiplər üzrə həyata keçirilir. Buna görə də Mərkəzi Bankın dizayn, məzmun və istifadənin rahatlığı baxımından daim təkmilləşən rəsmi internet səhifəsi (www.cbar.az) onun başlıca xarici kommunikasiya kanalı rolunu oynayır. Ziyarətçilərinin sayı sürətlə artmaqda olan bu əsas kommunikasiya kanalı vasitəsilə pul siyasətinin əsas məqsədləri, onun reallaşdırılması alətləri və əməliyyatları barədə müfəssəl məlumatlar, iqtisadi trendlərin təhlil edilməsi üçün zəruri statistik məlumatlar, eləcə də Mərkəzi Bankın digər siyasət və əməliyyat istiqamətləri barədə operativ məlumatlar ictimaiyyətə ötürülür.
Bu prosesin məntiqi davamı olaraq, müasir dövrün texnoloji inkişaf meyilləri, eləcə də qabaqcıl dünya təcrübəsi nəzərə alınaraq özünün kommunikasiya işini gücləndirmək üçün yeni media məkanı olan sosial şəbəkədə rəsmi səhifə ilə təmsil olunmağa başlanılması qərara alınıb.