ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana ilə ADPU-nun Quba filialı əməkdaşlıq edəcək
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu MEK-in direktoru Leyla İmanova və ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev imzalayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən Leyla İmanova MEK-in və ADPU-nun elmi və mədəni irsin araşdırılması, toplanılıb qorunması, təbliği və tədrisi sahəsində rolunu, informasiya məkanında elmi-mədəni irsin mübadiləsinin zəruriliyini və iki akademik müəssisənin göstərilən sahələrdə niyyət və potensialını vurğulayıb, memorandumun əhəmiyyətindən danışıb. Qeyd edib ki, müzakirə edilən əməkdaşlıq vahid elektron kataloqun hazırlanması, təcrübə mübadiləsi, resursların elektron mübadiləsi, sərbəst ensiklopedik resursların yaradılması üzrə birgə fəaliyyət və akademik informasiya məkanında müasir yanaşmaları nəzərdə tutur.
Memorandumun Quba filialı üçün əhəmiyyətindən bəhs edən Yusif Alıyev əməkdaşlıq sazişində regionlarda təhsilin, elmi tədqiqat işlərinin səmərəliliyini artırmaq məqsədilə kitabxananın dərslik, dərs vəsaitləri və elmi əsərlərlə zənginləşdirilməsi, həmçinin “Vikipediya” üzrə bacarıqlı mütəxəssislərin bölgələrdə yetişdirilməsi, bölgənin tarixi, coğrafiyası, turizm potensialının artırılması kimi amillərə xüsusi yer verildiyini vurğulayıb. Qeyd edib ki, MEK geniş kitabxana resursları olan, “Vikipediya” açıq ensiklopediya quruculuğu sahəsində böyük təcrübəyə malik elmi müəssisədir.
Kitabxananın informasiya texnologiyaları üzrə direktor müavini, Sərbəst Ensiklopedik Resurslar Mərkəzinin rəhbəri Elnur Hüseynov MEK-in “Vikipediya” təlimlərinin əhəmiyyətindən, onun təcrübəsinin yayılmasından söz açıb. Qeyd edib ki, “Vikipediya”nın Azərbaycan bölməsində məqalələrin sayı 152 mini keçib. “Vikipediya”nın Azərbaycan dilində olan bölməsi isə 50-ci pilləyə çatıb.
Mərkəzi Elmi Kitabxananın Sərbəst ensiklopedik resurslarla iş şöbəsi “Vikipediya”nın Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlərini davam etdirir. Kitabxananın əməkdaşları “Vikipediya” Metodik Mərkəzində və təhsil müəssisələrində müntəzəm olaraq “Vikipediya” ilə bağlı təlim, seminar, görüş və digər tədbirlər keçirir.
Sonra qonaqlar kitabxananın şöbələrinin və fondlarının fəaliyyəti ilə tanış olublar. MEK tərəfindən ADPU-nun Quba filialının kitabxanasına kitablar hədiyyə edilib.