REGİONLAR
Mərkəzi Elmi Kitabxana tərəfindən Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə yeni nəşrlər hədiyyə olunub
Xaçmaz, 20 noyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası tərəfindən Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə yeni nəşr olunan "İmadəddin Nəsimi", "Molla Nəsrəddin", "Məhəmməd Füzuli" kitablarının bütün cildləri, həmçinin professor Ziyadxan Əliyevin "Nəsimi dünyası rənglərin işığında" kitabı hədiyyə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitablar noyabrın 20-də Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir çərçivəsində təqdim edilib.
"Nəsimi işığında" adlı tədbirdə muzeyin direktoru Pakizə Mehdiyeva, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Aygün Səfərova, Xaçmaz Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Fərid Musayev, Əməkdar jurnalist Azər Həsrət və başqaları çıxış edərək, Azərbaycan ədəbiyyatı və fəlsəfi fikir tarixində İmadəddin Nəsiminin mühüm yer tutduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycan ədəbiyyatına qiymətli incilər bəxş etmiş, ümumilikdə dünya poeziyasının möhtəşəm nümunələrini yaratmış İmadəddin Nəsiminin yaradıcılığının dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Ötən əsrin 70-ci illərində Ulu Öndərin səyi nəticəsində Nəsiminin 600 illik yubileyi UNESKO səviyyəsində qeyd edilib.
Tədbirdə Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” sərəncamları iştirakçıların diqqətinə çatdırılıb, Nəsiminin həyatı, milli ədəbiyyatımızda onun yaradıcılığının, fəlsəfi baxışlarının yeri və rolu barədə geniş məlumatlar verilib.
Çıxışlarda Nəsiminin təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın ən nəhəng söz adamlarından biri kimi qəbul edildiyini və onun zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində böyük əhəmiyyətə malik olduğu vurğulanıb.
Tədbirin bədii hissəsində "Neylərəm" qəzəli, Sami Yusifin ifa etdiyi "Sığmazam" kompozisiyası məktəblilərin ifasında səsləndirilib, milli rəqslərimiz təqdim olunub.