ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada AMEA Naxçıvan Bölməsinin kolleksiyasının təqdimatı olub
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) kitab fondlarına daxil olan yeni kolleksiyalar barədə ictimaiyyəti məlumatlandırmağı davam etdirir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxanada yeni yaradılmış AMEA Naxçıvan Bölməsinin kolleksiyasının təqdimatı keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çoxəsrlik tarixə malik olan Naxçıvan diyarının elm, mədəniyyət və ədəbiyyatının öyrənilməsi, habelə təbliği istiqamətində son illər çox önəmli tədbirlərin həyata keçirildiyini qeyd edib. Alim görülən bu işlərin nəticəsi olaraq Naxçıvanın milli tarixinə yeni yanaşmanın əsasının qoyulduğunu vurğulayıb.
İ.Həbibbəyli kolleksiyaya daxil olan “Naxçıvan tarixi” kitabı haqqında da danışıb. Bildirilib ki, AMEA-nın Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin müəlliflər kollektivinin hazırladığı 3 cildlik kitab Naxçıvanın qədim tarixini, ayrı-ayrı mərhələlərdəki inkişaf səviyyəsini, bu diyarın ölkəmizə və dünyaya bəxş etdiyi görkəmli siyasi və ədəbi şəxsiyyətləri, onların müstəqillik uğrunda mübarizəsini əks etdirən dəyərli monoqrafik tədqiqatdır.
Akademik qeyd edib ki, bu çoxcildliyin hazırlanmasına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2012-ci il 6 avqust tarixli Sərəncamına əsasən başlanılıb. AMEA rəyasət heyətinin bu il fevralın 17-də keçirilmiş iclasında kitabın aktuallığı və azərbaycançılıq ideologiyasının təbliği baxımından əhəmiyyəti nəzərə alınmaqla, bu əsər 2015-ci ilin ən mühüm elmi nəticəsi hesab edilib və kitabın müəlliflər kollektivinin 2016-cı il üçün Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunması qərara alınıb.
Akademik deyib ki, kolleksiyaya daxil olan ədəbiyyatlarda xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası, dialektləri və folkloru əksini tapır ki, bu da Naxçıvanla bağlı araşdırma aparan tədqiqatçılar üçün əvəzsiz istinad mənbəyidir.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı kolleksiyanın Azərbaycan xalqının tarixi keçmişini əks etdirən əsərlərlə zəngin olduğunu bildirib. Professor qeyd edib ki, bu əsərlərdə coğrafi məkanlardan söz açılır və bu məkanların Naxçıvan ərazisində qeydə alınması regionun qədim torpaq olduğunu bir daha təsdiqləyir. Bu da öz növbəsində Naxçıvana ərazi iddiaları irəli sürən ermənilərin yalanlarını ifşa etmək üçün tutarlı faktdır.
MEK-in direktoru Leyla İmanova kitabxananın bu günədək təqdim etdiyi kolleksiyalar haqqında məlumat verib. Kolleksiyanın akademik İ.Həbibbəylinin təşəbbüsü ilə yaradıldığını qeyd edən L.İmanova buraya daxil olan nəşrlərin Azərbaycanın qədim torpağı olan Naxçıvanın tarixi, arxeologiya və etnoqrafiyası, folkloru və milli dəyərlərinin araşdırılması sahəsində ərsəyə gələn qiymətli əsərlərdən ibarət oluğunu bildirib.
Tədbirdə MEK-in oxucu-istifadəçilərə xidmət bölməsinin rəhbəri Sevil Məmmədova AMEA Naxçıvan Bölməsinin kolleksiyasına daxil olan kitablar barədə məlumat verib. Bildirilib ki, Mərkəzi Elmi Kitabxanaya AMEA Naxçıvan Bölməsindən bu kolleksiya üçün 300-dən artıq kitab gətirilib. Kolleksiya MEK-in akademiklər zalının yardımçı fondunda yerləşdirilib və oxucuların ixtiyarına verilib. Buraya tarix, arxeologiya, ədəbiyyat, incəsənət, siyasət, din və başqa elm sahələrinə aid ədəbiyyatlar daxildir. Bundan başqa, kolleksiyada ensiklopediyalar və bir sıra qədim dil abidələrinin mətnlərinə dair nəşrlər də var.
Tədbirdə digər çıxış edənlər kolleksiyanın təqdimatını Azərbaycan tarixşünaslığına dəyərli töhfə kimi dəyərləndiriblər.