ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada folklorşünaslığın aktual mövzuları araşdırılıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklorda məna axtarışı: metodoloji yanaşmalar, ideoloji baxışlar və sosial-mədəni stereotiplər” mövzusunda elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayev folklor sahəsində aparılan araşdırmalar və onun nəticələrindən danışıb. Bildirilib ki, folklorda məna konsepti son illər dünya folklorşünaslığının aktual elmi istiqamətlərindən birini təşkil edir. Nəzəri məktəblər, metodoloji baxışlar və sosial proseslərdən asılı olaraq daima dəyişən “məna konsepti”nin bu və ya digər aspektləri Alan Dundes, Elliott Oring, Simon Bronner, Bengt Holbek, Lutz Röhrich kimi tanınmış tədqiqatçılar tərəfindən araşdırılıb. Dünya folklorşünaslığının ümumi inkişaf tendensiyalarına uyğun olaraq, müasir mərhələdə Azərbaycan folklorşünaslığında da bu problemin aktuallaşdırılması zəruridir.
Folklor faktlarının mənasının öyrənilməsində etik və emik yanaşmaların spesifik mahiyyətinə toxunan alim qeyd edib ki, etik yanaşma mənaların tədqiqatçı və müşahidəçilərin baxışları kontekstində öyrənilməsini əhatə edir. Bu zaman mədəni faktlar elmi müstəviyə aid olan terminlər və müşahidəçinin nəzəri görüşləri əsasında təhlilə cəlb olunur.
Emik yanaşma isə mənaların onun öz “aktyorları”nın baxış və yanaşmaları kontekstində öyrənilməsidir. Son dövrlər antropologiya və folklorşünaslıq sahəsindəki tədqiqatlardan belə bir qənaət hasil olur ki, elmi araşdırmaların daha səmərəli aparılması məhz bu iki yanaşma arasındakı balansın qorunması sayəsində mümkündür.
Folklordakı mənaların fərdi amillərdən, qrup maraqlarından, mövqe statusundan və performans kontekstindən asılılığına diqqəti çəkən S.Qarayev eyni bir folklor faktının tarixi zamanla, o cümlədən fərqli sosial qrupların maraqları ilə şərtləndiyini vurğulayıb.
Tədbirdə Folklor İnstitutu direktorunun müavini Oruc Əliyev, şöbə müdiri Seyfəddin Rzayev və digər alimlər çıxış ediblər. Son illər dünya folklorşünaslığının aktual mövzularından olan nəzəri məktəblər, metodoloji baxışlar və sosial proseslərdən asılı olaraq daim dəyişən folklorda “məna konsepti”nin müxtəlif elmi aspektləri geniş müzakirə edilib.