ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxananın əməkdaşları Türkiyə səfərləri barədə hesabat veriblər
Bakı, 4 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşlarının Türkiyə səfərinin nəticələri ilə bağlı təqdimat keçirilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, hesabatı kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, biblioqrafik sorğular bölməsinin rəhbəri Nərgiz Novruzova, kitabxanaçılar Alidə Həsənova və Həmidə Müzəffərli təqdim ediblər. Təqdimatlarda Ankara İldırım Bəyazid Universiteti Kitabxanasına, Türkiyə Böyük Millət Məclisi (TBMM) Kitabxanası və Arxivinə, Türk Dil Qurumu Kitabxanasına və Ankara Milli Kitabxanasına səfərlər haqqında ətraflı məlumat verilib.
Aygün Səfərova MEK və Ankara İldırım Bəyazid Universiteti Kitabxanası arasında imzalanmış əməkdaşlıq memorandumu haqqında məlumat verib. Bildirib ki, memorandumda kitabxana prosеslərinin avtomatlaşdırılması, e-kataloqların və e-bazaların mübadiləsi, nadir kitablar da daxil olmaqla sənədlərin mühafizəsi, virtual sərgilərin təşkilinə dair təcrübə mübadiləsi, təlimlər, seminarlar və konfransların keçirilməsi, vahid kataloqlaşdırma qaydalarının formalaşdırılması, sağlamlıq məhdudiyyəti olan şəxslərin kitabxana xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi və digər mühüm məsələlər əksini tapıb.
A.Səfərova Türkiyə Böyük Millət Məclisi Kitabxanası və Arxivində keçirilən görüşdən danışaraq, bu qurumun yaranması, kitab fondu, proqram təminatı, oxu zalları barədə də məlumat verib. O, TBMM Kitabxanası ilə MEK arasında sənəd mübadiləsi məqsədilə razılaşma əldə olunduğunu söyləyib.
Digər çıxış edənlər səfər çərçivəsində getdikləri kitabxanaların tarixi, kitab fondu, strukturu, iş rejimi, rəqəmsallaşdırma fəaliyyəti, proqram təminatı, elektron kataloq, kitabxana xidmətləri, çap etdikləri əsərlər, bərpa mərkəzi və s. haqqında məlumat veriblər. Qeyd olunub ki, bu təşkilatların hər birinə MEK təcrübəsi barədə məlumat verilib, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən nəfis tərtibatlı kitablar hədiyyə olunub.
Təqdimatın sonunda səfərin nəticələri ilə bağlı müzakirə aparılıb, təkliflər irəli sürülüb və iştirakçıların sualları cavablandırılıb.