ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid ailəsini ziyarət edib
Bakı, 30 iyul, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxananın Sənədlərlə iş şöbəsinin müdiri Reyhan Cəfərova, Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Roksana Səfərzadə, Elektron resurslar şöbəsinin baş mütəxəssisi Mahirə Əzizova İkinci Qarabağ müharibəsinin şəhidi Nicat Tarverdiyevin ailəsini ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, ziyarət zamanı şəhidin anası Şükran Tarverdiyeva oğlu ilə bağlı xatirələrindən, onun vətənpərvərliyindən, doğma torpağa bağlılığından danışıb. “Nicat hələ müharibədən əvvəl əldə etdiyi xarıbülbülü coğrafiya kitabının arasında Ağdərə olan hissədə uzun müddət qurudub saxlamışdı. 44 günlük Vətən müharibəsində də Nicat elə məhz Ağdərə istiqamətində şəhid oldu”, - deyə şəhidin anası qeyd edib.
MEK əməkdaşları Vətən uğrunda döyüşlərdə Nicat və onun kimi minlərlə şəhidimizin öz adlarını tarixin yaddaşına qızıl hərflərlə yazdırdıqlarını, onların göstərdikləri şücaətin hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacağını qeyd ediblər.
Görüş zamanı şəhidin anası Şükran xanım oğlu Nicat haqqında sənədləri toplu şəklində MEK-in Qarabağ müharibəsi qəhrəmanları fonduna bağışlayıb. Fondda həmin sənədlərdən ibarət sərgi təşkil edilib.
Qeyd edək ki, Nicat Tarverdiyev 1998-ci il noyabrın 17-də Bakı şəhərində doğulub, ailənin tək övladı olub. Ali təhsilini Azərbaycan Kooperasiya Universitetində alıb. Füzuli istiqamətində və Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 9-da axşam saatlarında Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub, III Fəxri xiyabanda dəfn edilib. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.