ELM VƏ TƏHSİL
Mərkəzi Nəbatat Bağının alimləri Xızı və Abşeronda bitki müxtəlifliyinin tədqiqi ilə bağlı monitorinq aparıblar
Bakı, 14 sentyabr, AZƏRTAC
AMEA Mərkəzi Nəbatat Bağının alimləri keçən ildən başlayaraq Xızı və Abşeron rayonunda bitki müxtəlifliyinin müasir vəziyyətini tədqiq ediblər.
Bu barədə AZƏRTAC-a Nəbatat Bağından məlumat verilib. Bildirilib ki, yarımsəhra, düzən, aşağı və orta dağ qurşağında aparılan tədqiqatlarda Nəbatat Bağının direktoru Vahid Fərzəliyev, şöbə müdiri Yusif Abiyev, biologiya üzrə fəlsəfə doktorları Yusif Zeynalov və Aynur Ərəbzadə iştirak ediblər. Ekspedisiyalar aprel, may, iyun və iyul aylarında müntəzəm olaraq baş tutub.
Tədqiqatlar zamanı ərazidə yayılmış bitkilər təyin olunub, daha sonra bitkilərin informativ siyahısı, endem və nadir bitkilər müəyyən edilib. Həmçinin xüsusi əhəmiyyətli bitkilərin xəritəsi hazırlanıb.