ELM VƏ TƏHSİL
Mərkəzi Nəbatat Bağının təcrübə sahəsində xarıbülbül becərilir
Bakı, 3 mart, AZƏRTAC
Qarabağ bölgəsi hər zaman zəngin florası, biomüxtəlifliyi, nadir bitkiləri və yüksək endemizmi ilə seçilib. Bu müxtəlifliyin içində xarıbülbül özünəməxsus yer tutur. Əsas məskəni Şuşanın Cıdır düzü olan Xarıbülbül Qızıl qaya deyilən yerdə daha çox yayılıb. Bu bitkiyə Samur-Dəvəçi, Kür-Araz və Xəzərsahili ovalıqlar, Kür düzənliyi, Abşeron, Kiçik Qafqazın cənub rayonlarında da rast gəlinir. Əsasən orta dağ qurşağına kimi kolluqlararası, meşəkənarı, otlu yamaclar və qayalar arasında yayılıb.
Bu barədə AZƏRTAC-a Mərkəzi Nəbatat Bağının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Aynur Ərəbzadə məlumat verib. O bildirib ki, elmi adı Qafqaz qaş səhləbi (Ophrys caucasica Woronow ex Grossh.) olsa da hamı onu xarıbülbül kimi tanıyır. Bitkiyə bu ad bülbülə bənzədiyinə görə verilib. “Xar” sözü tikan mənasını verir, yəni “tikan üstündə oturub oxuyan bülbül” deməkdir. “Ophrys” yunan mənşəli söz olub, mənası “qaş” deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə yuxarıdan aşağı “baxmağını” göstərir. Xarıbülbül səhləbkimilər (Orchidaceae Juss.) fəsiləsinə daxil olan çoxillik dekorativ ot bitkisidir. Gövdəsi 12-35 santimetr hündürlükdədir. Yarpaqları gövdənin aşağı hissəsində cəmləşib. Kök yumrusu şarvarı formadadır. Bitkinin kökündə simbioz yaşayan göbələklər mövcuddur. Buna görə də bitkini başqa yerdə əkmək çox çətindir. Yalnız xüsusi becərilmə qaydalarına riayət etməklə yetişdirmək olar. Tozlanması xüsusi həşəratların köməyilə baş verir. Belə ki, çiçəyin gözəl görünüşü həşəratları özünə cəlb edir. Aprel-may aylarında çiçəkləyir, iyunda meyvə verir.
“Xarıbülbül ətraf mühitin dəyişməsinə çox həssasdır. Gözəl görünüşünə və kök yumrularının istifadə sahəsinin genişliyinə görə insanlar tərəfindən mütəmadi olaraq toplanması onun sayının azalması ilə nəticələnib. Bu baxımdan Qafqazın endemik növü olan xarıbülbül nadir bitki kimi Azərbaycanın “Qırmızı kitabı”na daxil edilib. “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına və VU A2c+3c statusuna aiddir. Belə qiymətli bitkilərin introduksiya olunması, qorunub saxlanılması aktual məsələlərdəndir. Bu baxımdan xarıbülbülün çoxaldılması, bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və qorunması vacibdir. Bu bitki Mərkəzi Nəbatat Bağının təcrübə sahəsində becərilir. Xarıbülbül təbiətə gözəllik verməklə yanaşı, həm də müalicə və təsərrüfat əhəmiyyətli bitkidir. Bitkinin ikiilik qurudulmuş kök yumrularından təbabətdə müxtəlif xəstəliklərin profilaktika və müalicəsində istifadə olunur. Xarıbülbül adi çiçəkdən çox, bir möcüzəyə bənzəyir, bu gülü yalnız görəndən sonra onun haqqında tam təsəvvür yarana bilər. Xarıbülbülün ətri olmasa da gözəlliyi ilə hamını valeh edir. Xırda bənövşəyi rəngli ləçəkləri otların, başqa çiçəklərin içində çox çətinliklə seçilir. Gülün üç ləçəyi var, simmetrik quruluşundan məlum olur ki, gülün dörd ləçəyi olmalı imiş. Dördüncü ləçəyin yerində arıya bənzəyən, üstündə həşəratlarda olduğu kimi naxışları, məxmər kimi nazik tükcüklərlə örtülü bir “böcək” - xar var. Belə bir təsəvvür yaranır ki, “böcək” gülün ortasında oturub dördüncü ləçəyini yeyib. “Bülbül”ün çiynində iki balaca ləçək var. Bu ləçəklər gülün öz ləçəklərinin rəngindən bir azca tünd və bir xeyli balacadır. Aydın görünür ki, bu ləçəklər “bülbülün qanadları”dır. Hətta gülü əlinə alanda belə inanmırsan ki, “bülbül” də, gülün bir ləçəyinin yerində bitmiş arıya bənzər bir “böcək” də canlı deyil, sadəcə çiçəyin bir elementidir”, - deyə A.Ərəbzadə qeyd edib.