SİYASƏT
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Bakı, 23 fevral, AZƏRTAC
Məzahir Pənahovun sədrliyi ilə fevralın 23-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda bu il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar əksər ərizəçilərin və maraqlı subyektlərin də iştirakı ilə daxil olan müraciətlərə baxılıb.
Komissiya müxtəlif mənbələrdən – sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatların geniş və hərtərəfli araşdırılmasının nəticəsi olaraq 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 16, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29 və 31, 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 10, 60 saylı Salyan-Neftçala seçki dairəsinin 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37 və 39, 67 saylı Cəlilabad şəhər seçki dairəsinin 10 və 29, həmçinin 118 saylı Ağdam şəhər seçki dairəsinin 25 və 33 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyünə və seçki qanunvericiliyinə uyğun olmayan digər hallara görə yuxarıda sözügedən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğvinə qərar verib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.