CƏMİYYƏT
Meşə zolağında narkotik becərən İsmayıllı sakini saxlanılıb
Bakı, 12 iyun, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Quşencə kəndindəki meşəlik ərazidə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən çətənə bitkiləri aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, davam etdirilən tədbirlər zamanı orada narkotik tərkibli bitkiləri əkib-becərən şəxsin rayonun Quşencə kənd sakini, əvvəllər məhkum edilmiş 48 yaşlı Arif Qarayev olduğu müəyyənləşib. O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirilmə zamanı həmin çətənə bitkilərinin onun tərəfindən yetişdirildiyini etiraf edib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.