CƏMİYYƏT
Meşə zolaqlarında və müəssisələrdə yanğın zamanı davranış qaydaları barədə məlumat verilib
Bakı, 30 avqust, AZƏRTAC
Avqustun 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lerik şəhərinin Nizami küçəsindəki rayon telekommunikasiya qovşağında, Qarabağ rayon Dövlət Yanğın Nəzarəti İdarəsinin Bərdə Meşə Təsərrüfatı Mərkəzinin Bərdə meşəbəyliyinin ərazisində, Füzuli rayonunun Horadiz şəhərindəki Mədəniyyət evində və Heydər Əliyev Mərkəzində, Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin Göyçay rayonunun Potu, Hüngütlü, Mallı-Şıxlı kəndlərindəki meşə zolağında və digər müəssisələrdə yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Eləcə də ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.