İDMAN
Məşəl estafeti qədim Qubaya ötürüldü VİDEO
Quba, 1 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 1-i qubalıların yaddaşında birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi və möhtəşəm Alov festivalı ilə yadda qalacaq.
AZƏRTAC xəbər verir ki, məşəl Quba şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının qarşısında qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılandı.
Məşəli güləş üzrə veteranlar arasında dünya çempionu Musa Mirzəyev qəbul etdi. Bundan sonra 14 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca dörd kilometr məsafəni qət edərək Quba Meydanına gəldilər. Burada quraşdırılan səhnəyə qalxan kik-boksinq üzrə əməkdar məşqçi Telman Məhərrəmov məşəli alovlandırdı. Məşəlin alovlandırılmasını izləyən qubalılar bu tarixi hadisəni alqışlarla qeyd etdilər.
Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.
Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izlədilər.
Bununla da Quba birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 55-ci yaşayış məntəqəsi oldu.
Qarşılanma mərasiminin iştirakçısı, qubalı gənc Elmar Hacıyev AZƏRTAC-a müsahibəsində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını doğma rayonu üçün ən əlamətdar hadisələrdən biri kimi qiymətləndirdi: “Bu kimi mötəbər yarışların keçirilməsi üçün yalnız infrastruktur, böyük idman qurğuları kifayət etmir. Bunlarla yanaşı, ölkənin beynəlxalq arenada böyük nüfuza sahib olması da vacibdir. Məhz bütün bu amillərə görə Azərbaycana etimad göstərildi. Əminəm ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə birinci Avropa Oyunlarını uğurla başa vuraraq, respublikamızın adını daha da ucaldacağıq”.
Quba sakini Ələkbər Məmmədbəyov isə yarışların başlanmasını səbirsizliklə gözlədiyini bildirdi: “Birinci Avropa Oyunlarında güləşçilərimizin çıxışlarını maraqla izləyəcəm. Artıq güləş yarışlarına bilet də əldə etmişəm. Pəhləvanlarımızın yüksək əyarlı medallar qazanacağına əminəm. Özüm də güləşlə məşğul olmuşam. Birinci Avropa Oyunlarında tək güləş deyil, bütün idman növlərində güclü idmançılarımız mübarizə aparacaqlar. Hamısına uğurlar arzulayıram”.
Günün sonunda Qubada möhtəşəm Alov festivalı keçirildi. Respublikanın və rayonun tanınmış incəsənət ustalarının konsert proqramı sakinlərin sevincini ikiqat artırdı. Festivalın sonunda atəşfəşanlıq oldu.
Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəlinin növbəti qarşılanma mərasimi iyunun 3-də Xaçmaz rayonunda olacaq.