CƏMİYYƏT
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 320-yə, təqdim edilən vakansiyaların sayı 1386-ya çatıb
Bakı, 30 iyul, AZƏRTAC
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artıq 320-yə çatıb. Onlardan 140-ı dövlət, qalanları özəl müəssisələrdir. Həmin işəgötürənlərin 193-ü xidmət, 96-sı emal, 19-u kənd təsərrüfatı, 12-si tikinti sahəsinə aiddir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, marafona qoşulan işəgötürənlər tərəfindən təqdim edilən vakansiyaların sayı 1386-ya çatıb.
Təqdim edilən vakansiyalar üzrə artıq 321 nəfər, o cümlədən 83 şəhid ailəsi üzvü və 238 qazi münasib işlərlə təmin olunublar. İşə cəlb olunanlar arasında 18-29 yaş arasında olanlar üstünlük təşkil edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başlanılan marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə layihə çərçivəsində işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonulinkinə daxil olaraq özləri haqqında məlumatları qeyd edərək müraciət edə bilərlər.