İDMAN
Məsud Soltanifər: UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi Azərbaycanın uğurudur
Tehran, 14 may, AZƏRTAC
UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasının Bakıda keçirilməsi Azərbaycanın uğurudur və tarixi hadisədir.
Bunu İranın idman və gənclər naziri Məsud Soltanifər AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan 2015-ci ildə birinci Avropa, 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarına, həmçinin ardıcıl dörd il ərzində Formula 1 yarışına uğurla ev sahibliyi edib. Bu beynəlxalq idman tədbirləri çox yüksək səviyyədə təşkil olunub, atletlərin və azarkeşlərin təhlükəsizliyi, rahatlığı təmin edilib. Azərbaycanda böyük və müasir standartlara cavab verən idman kompleksləri, mehmanxanalar istifadəyə verilib ki, bu da beynəlxalq idman turnirlərinin yüksək səviyyədə təşkilinə imkan yaradır.
İran ilə Azərbaycan arasında idman sahəsində əməkdaşlığa toxunan nazir qeyd edib ki, hər iki ölkənin bu sahədə böyük potensialı var. İdmançıların görüşlərinin təşkili, turnirlərdə iştirakı onların təcrübəsini və fiziki hazırlığını artırır. Bu baxımdan İran və Azərbaycan idmançıları arasında turnirlərin keçirilməsi zəruridir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran