İQTİSADİYYAT


Metronun “Bakmil” stansiyasının giriş-çıxışı sərnişinlər üçün qismən məhdudlaşdırılacaq

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 8-də metronun “Bakmil” stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirlərinin növbəti mərhələsi başlanır.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən AZƏRAC-a bildirilib ki, 1979-cu ildə istismara verilmiş Bakı metropoliteninin yeganə yerüstü stansiyası olan “Bakmil”də bu vaxta qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğuların, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidən qurulması günün zəruri tələbi idi.

2017-ci ilin yayından aparılan yenidənqurmanın əvvəlki mərhələlərində görülən yüksək təhlükəsizlik tədbirləri nəticəsində sərnişinlərin stansiyadan istifadə etməsinə məhdudiyyətlər qoyulmayıb. Lakin təmirin qarşıdakı müddəti ərzində burada çalışan işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sərnişin qatarlarının hərəkətinin günün müəyyən saatlarında məhdudlaşdırılması zərurəti yaranıb. Eyni zamanda, görüləcək işlərin mahiyyəti nəzərə alınaraq, bu, təmir prosesinin sürətləndirilməsinə də təsir edəcək. Qeyd edilənləri nəzərə alaraq bu il avqust ayının 8-dən sərnişinlərin “Bakmil” stansiyasına giriş-çıxışı müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. Belə ki, sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcək.

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi məhdudiyyəti stansiyadan istifadə edənlərin monitorinqini apararaq tətbiq edib. “Bakmil” stansiyasının əsas sərnişinləri yaxın ərazinin sakinləri, həmçinin burada yerləşən müəssisə və təşkilatların əməkdaşlarıdır. Buna görə də onların marağı xüsusi olaraq nəzərə alınaraq, məhdudiyyət günün əsas iş vaxtı hesab olunan 8:20-17:00 aralığına təyin edilib. Bu isə o deməkdir ki, hərəkət qrafikinə uyğun olaraq, qatarlar sərnişinləri 8:20-yə qədər və 17:00-dan sonra həm “Bakmil”, həm də əks istiqamətdə daşıyacaq.

Məhdudiyyət tətbiq edildiyi müddətdə sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur. Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, “Bakmil” stansiyasına sərnişinlərin giriş-çıxışının məhdudlaşdırıldığı vaxt ərzində, “Bakmil” və “Koroğlu” stansiyaları arasında avtobus marşrut xətti fəaliyyət göstərəcək.

“Bakı Metropoliteni” QSC narahatlığa görə sərnişinlərdən üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.