İQTİSADİYYAT
Metronun “İçərişəhər” stansiyasında sosial layihə həyata keçiriləcək
Bakı, 14 dekabr, AZƏRTAC
Metronun “İçərişəhər” stansiyasında sosial layihə həyata keçiriləcək.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, QSC-nin hər dəfə bir mövzu ilə sərnişinlərin diqqətini cəlb edən davamlı sosial layihələri sırasında istedadlı gənclərə dəstək aksiyaları da xüsusi yer tutur. Metropolitençilər yeni il ərəfəsində sərnişinləri daha bir əhəmiyyətli layihə ilə sevindirəcəklər.
Dekabrın 18-i səhər saat 10:00-dan axşam saat 19:00-a qədər “İçərişəhər” stansiyasında keçiriləcək yarmarkada gənc istedadların əl işlərinin satışını təşkil etmək üçün şərait yaradılacaq.
“Əl işləri yarmarkası” adlandırılmış, sırf sosialyönümlü aksiya təmənnasız təşkil edilir. Əsas məqsəd gənc istedadlara bacarıqlarını nümayiş etdirməsinə dəstək olaraq, onların əməyini təşviq etmək, zəhmətlərinin bəhrəsini tanıtmalarına yardımçı olmaq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır. “Bakı Metropoliteni” QSC sərnişinlərini gənc istedadlara dəstək olmağa dəvət edir.