İQTİSADİYYAT


Metropolitençilərin yüksək balla ali məktəblərə daxil olan övladları ilə görüş keçirilib VİDEO

Bakı, 19 oktyabr, Elvin Camalov, AZƏRTAC

“Bakı Metropoliteni” QSC-də metropolitençilərin 500 və daha yüksək balla ali məktəblərə daxil olan övladları ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də işçilərin sosial rifahının gücləndirilməsi istiqamətində davamlı aparılan işin tərkib hissəsi olan bu tədbirin məqsədi metropolitençi ailələrində yetişən gənc nəslin təmsilçilərinin biliyə, təhsilə, elmə marağını, həvəsini artırmaq, onların qayğılarını diqqət mərkəzində saxlayaraq gələcək uğurlarına inam hissi yaratmaq və stimul verməkdir.

“Bakı Metropoliteni” QSC-nin texnoloji korpusunda təşkil edilmiş tədbirdə səhmdar cəmiyyətin sədr müavini Hidayət Məmmədov, insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, tədbirin səbəbkarları olan tələbələr, onların valideynləri və metropolitenin sosial həyatında fəal olan işçilər iştirak edib. Tədbirdə dəvət olunan qonaq qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi aparat rəhbərinin müavini Yaqub Piriyev iştirak edib.

Rəhbərlik adından tələbə adını qazanan metropolitençi övladlarını təbrik edən Tərlan Dadaşov tədbirin 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günündə qeyd edilməsinin rəmzi xarakter daşıdığını vurğulayaraq bildirib ki, hər bir dövlət üçün gələcəyin rəmzi məhz gənclərdir. O, dövlət müstəqilliyinin əldə edilməsinin ictimai-siyasi əhəmiyyəti, “Bakı Metropoliteni” QSC-də həyata keçirilən sosial, o cümlədən korporativ sosial məsuliyyət çərçivəsində tədbirlər haqqında məlumat verib, gənc kadrların hazırlanması sahəsində görülən işlərdən bəhs edib. Metropolitenin profilinə uyğun sənədlər üzrə təhsil alan tələbələrin QSC rəhbərliyi tərəfindən xüsusi nəzarət altında saxlandığını və gələcəkdə bu kadrların metroda çalışması üçün hər bir imkanın yaradıldığını söyləyib.

QSC sədrinin müavini Hidayət Məmmədov son illərdə metroda həyata keçirilən innovativ yeniliklərdən, Bakı metrosunun dünya metropolitenləri ailəsində, inkişafın səviyyəsinə görə, yüksək məqamlara nail olduğundan danışıb və yeniliklərin tətbiqində gənclərə böyük ümidlər bəsləndiyini xüsusi vurğulayıb.

Təhsil Nazirliyinin nümayəndəsi Yaqub Piriyev də tələbələri təbrik edib. O, Azərbaycanın təhsil sahəsindəki inkişafı, dünyada ən mütərəqqi təhsil metodlarının tətbiqi, ali məktəblərdə sənayenin hər bir sahəsi, eləcə də nəqliyyat sektoru üçün savadlı mütəxəssislərin hazırlanması sahəsində əldə edilən nailiyyətlər barədə məlumat verib.

Sonra səbəbkarlara qiymətli hədiyyələr təqdim edilib.

Tədbirdə çıxış edən valideynlər və tələbə adını qazanan gənclər başda QSC sədri Zaur Hüseynov olmaqla, metropolitenin rəhbərliyinə və mehriban kollektivinə təşəkkürlərini bildiriblər.

Tədbir elektromexanika xidmətinin əməkdaşı Mətanət Məmmədovanın 3 tələbə və magistraturaya daxil olan metropolitençi – nasos sahəsinin elektrik mexaniki Həbib Abbaszadə ilə hazırladığı “Zaman və biz” ədəbi kompozisiyasının təqdimatı ilə sona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.