REGİONLAR
Mikayıl Müşfiqin anadan olmasının 111-ci ildönümü Xızıda qeyd edilib
Xızı, 5 iyun, Elxan Yusifli, AZƏRTAC
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin doğum günü Xızıda qeyd olunub.
AZƏRTAC xəbər verir ki, 111 il əvvəl dünyaya göz açan nakam şairi anmağa gələnlər Mikayıl Müşfiqin Sayadlar kəndindəki xatirə muzeyinin qarşısında toplaşıblar. Burada keçirilən tədbirdə ölməz şairin həyat və yaradıcılığından, ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açılıb.
Anım mərasimində Xızı Rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Süleymanova, Əməkdar müəllim, şairə Ofeliya Babayeva, Mikayıl Müşfiq muzeyinin direktoru Orxan Əzimov və başqaları çıxış edərək görkəmli poeziya ustasının irsinin gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində, vətənpərvərlik hisslərinin artırılmasında əvəzsiz mənbə olduğunu qeyd ediblər.
Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dilinin əzbəridir. Onun “Yenə o bağ olaydı”, “Oxu, tar” və digər şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır. Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə dərin lirizmə malik, doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələr yaradıb. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş günahsız insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.
Tədbirdə Xızı məktəbliləri şairin şeirlərindən parçalar səsləndirib, yerli incəsənət nümayəndələri musiqilər ifa ediblər.