Mikrobiologiya İnstitutunda Müstəqillik Gününə həsr olunmuş seminar
AzerTAg.az
Bakı, 27 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbiri Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışıb. O bildirib ki, 105 il əvvəl mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib: “Təəssüflər olsun ki, Azərbaycan Cümhuriyyəti iki yaşı tamam olmamış devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi.1991-ci ildə isə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Ancaq müstəqilliyimizin bərpası asan başa gəlmədi. Ötən əsrin 90-ci illərinin əvvəllərində respublikamız ağır sınaqlarla üzləşdi, vətəndaş müharibəsi, dağılmaq təhlükəsi qarşısında qaldı. Yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyimiz tam bərpa olundu və Azərbaycan davamlı inkişafa nail ola bildi”.
P.Muradov qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə respublikamızın müstəqilliyi daha da möhkəmlənib, 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun şücaəti sayəsində tarixi Qələbə qazanaraq ərazi bütövlüyümüz bərpa olunub.
Baş direktor ölkəmizin inkişafında gənc alim və mütəxəssislərin də üzərinə böyük məsuliyyət və vəzifələr düşdüyünü qeyd edib.
Seminarda Mikrobiologiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Bayramova, sədr müavini Fəridə Əliyeva çıxış edərək xalqımızın artıq 3 ildir 28 May – Müstəqillik Gününü qalib xalq kimi, işğaldan azad edilən torpaqlarımızda qeyd etdiyini söyləyiblər. Vurğulanıb ki, bu gün üçrəngli bayrağımız doğma Qarabağda-Şuşada, Ağdamda, Zəngilanda böyük qürur və iftixarla dalğalanır.
Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən, dövrün siyasi xadimlərindən bəhs edən videoçarx nümayiş olunub.



Xəbərin mətnində orfoqrafik səhv var