ELM VƏ TƏHSİL
Mikrobiologiya İnstitutunun kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 19 yanvar, AZƏRTAC
AMEA-nın Mikrobiologiya İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri institutun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq Qanlı Yanvar hadisələrindən söz açıb. O, 20 Yanvar faciəsinin Azərbaycan tarixinin hüzn və qəhrəmanlıq səhifəsi olduğunu, istiqlal yolunun ilk zirvəsinə və milli məfkurəmizin azadlıq istəyinin oyanış gününə çevrildiyini bildirib. Pənah Muradov 20 Yanvar faciəsinin totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini deyib.
Alim 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında şanlı səhifə kimi yaşayacağını söyləyib, şəhidlərimizin müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacağını bildirib.
Tədbirdən sonra Mikrobiologiya İnstitutunun kollektivi Şəhidlər xiyabanını ziyarət edib.