ELM VƏ TƏHSİL
“Mikroorqanizmlər və onların həyatımızdakı faydaları” mövzusunda müsabiqə keçiriləcək
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutu 17 noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar V-XI sinif şagirdləri arasında “Mikroorqanizmlər və onların həyatımızdakı faydaları” mövzusunda müsabiqə elan edir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqədə bakteriya və göbələklərin (makroskopik və ya mikroskopik) zərərli və faydalı xüsusiyyətləri, təbiətdəki rolu, biotexnoloji əhəmiyyətinə dair məktəblilərin əl işləri (rəsm, tikiş, maket, konstruktiv qurğu və s.) qəbul ediləcək.
Müsabiqədə birinci yerə layiq görülən şagird diplom və pul mükafatı, müəllimi isə diplomla təltif olunacaq. İkinci və üçüncü yeri tutan şagirdlərə diplom və pul mükafatı, müəllimlərinə diplom, bir nəfərə həvəsləndirici diplom, əl işləri xüsusi seçilən digər şagirdlərə isə sertifikatlar veriləcək.
Müraciətlər noyabrın 1-dək qəbul olunacaq.