REGİONLAR
Mil-Muğan Hidroqovşağında meliorativ tədbirlər gücləndirilib VİDEO
Bakı, 21 yanvar, AZƏRTAC
Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsinin xidmət etdiyi kanallarda mütəmadi olaraq su itkisinin qarşısını almaq və su axımını sürətləndirmək üçün lildən təmizləmə işləri aparılır. Bu il suvarma mövsümü üçün bütün hazırlıqlar artıq yekunlaşıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, 1972-ci ildə istifadəyə verilən Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi Azərbaycan Respublikası və İran İslam Respublikası ərazisində yerləşən 120 min hektar ərazinin suvarılması məqsədilə tikilib. Hidroqovşağa Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi xidmət edir. Əkin sahələrinin suvarılması üçün istifadə olunan kanallara su Baş-Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanalları vasitəsi ilə verilir.
“Hidroqovşaq üzərində suyu vaxtında ərazilərə çatdırmaq üçün 6 ədəd seqmentvarı qapı var ki, bu qapıların da hər birinin su buraxma qabiliyyəti 400 kubmetr/saniyədir. Kanallarda su bölgüsünü düzgün aparmaq üçün Araz çayının suyu dəniz səviyyəsindən 142,5 metr yüksək olmalıdır. Bundan sonra su bölgüsünü aparmaq mümkündür. Bundan başqa, Hidroqovşaqdan ayrılan suyun enerjisindən Füzuli Su Elektrik Stansiyasının fəaliyyətində də istifadə olunur”, - deyə o əlavə edib.
Qeyd edək ki, Hidroqovşaq Baş-Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanalları vasitəsilə 5 rayonun torpaq sahələrinə xidmət edir. Bu ərazilərin 27 min hektarı Füzuli, 44 min hektara yaxını Beyləqan, 27 min hektara yaxını Ağcabədi, 5400 hektarı Xocavənd və 500 hektarı İmişli ərazisindədir.