REGİONLAR


Mil Təcrübə Stansiyası: buğda sahəsində ilk biçin günü hektara 50 sentner məhsul yığılıb FOTO VİDEO

Beyləqan, 5 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Beyləqanda yerləşən Mil Təcrübə Stansiyasında yüksək məhsuldarlığa malik taxıl becərilib. Məhsulun optimal müddətdə yığılması üçün əraziyə kifayət sayda kombayn cəlb edilib. Hər hektara 50 sentner məhsul yığılıb.

AZƏRTAC-ın bölgə müxbiri təcrübə stansiyasında olub, taxıl biçini prosesini izləyib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təcrübə stansiyalarından biri də Beyləqan rayonu ərazisində yerləşir. Stansiya ərazisində ilk dəfə olaraq taxıl becərilib və zəmilərdən yüksək məhsul yığılır. Mil Təcrübə Stansiyasının direktoru Ramiz Şükürov bildirib ki, stansiya əsasən pambıqçılığın inkişafı istiqamətində təcrübələr üzrə fəaliyyət göstərir. Eyni zamanda, ərzaq təhlükəsizliyinə töhfə vermək üçün stansiya ərazisində cari ilin məhsulu üçün taxılçılığa da yer ayrılıb və 90 hektar ərazidə buğda, 20 hektar ərazidə isə arpa becərilib. Arpa sahələrində biçin yekunlaşıb və orta hesabla hər hektara 37,6 sentner məhsul tədarük edilib. 90 hektar sahədə isə yerli və xarici sort olmaqla, iki növ buğda becərilib. Bunun 25 hektarı yerli sort “Əzəmətli”, 65 hektarı isə xarici “Alekseyiç” buğda sortu təşkil edir. Buğda sahəsində ilk biçin günü hektara 50 sentner məhsul yığılıb.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Eldar Ələsgərov qeyd edib ki, ümumilikdə institutun əhatə etdiyi stansiyalar üzrə 200 hektar sahədə arpa və buğda əkilib. Bol məhsul əldə edilməsi üçün öncədən lazımi aqrotexniki qulluq göstərilərək torpaqaltı ammofos gübrəsindən istifadə olunub. Daha sonra bitkinin inkişafı üçün zəmilərə ammonium-nitrat, karbamid gübrələri verilib.

“İnstitutun Xaçmazda, Abşeronda, Ucarda stansiyaları var. Həmçinin də Beyləqandakı Mil Təcrübə Stansiyası. İlkin mərhələdə Ucar və Beyləqandakı stansiyalarda taxıl becərilib. Ucarda biçin işləri başa çatdırılıb və hər hektara orta hesabla 25 sentner məhsul yığılıb. Hazırda isə Beyləqanda biçin işləri aparılır və yekunlaşmaq üzrədir. Gələcəkdə işlərin davamı olaraq daha məhsuldar sortların sınaqdan keçirilərək geniş sahələrdə əkilməsi nəzərdə tutulub” - deyə şöbə müdiri bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.