ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarixi Muzeyində Ərşaki gümüş sikkələri saxlanılır
Bakı, 5 iyun, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Xınıslı (Şamaxı) və Şirvan yaşayış məskənlərində aşkarlanan, eramızdan əvvəl II əsrin sonundan Azərbaycanın pul dövriyyəsində istifadə edilən Ərşaki gümüş drahmaları qorunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, belə sikkələr iki qrup üzrə təsnifləşdirilir - IV Fraat dövrünə qədər zərb edilənlər, III Artaban və ardıcılları dövründə zərb edilənlər.
Azərbaycan ərazisində II Mitridat (e.ə.124 – 88-ci illər) dövrünə aid drahmalara daha çox təsadüf edilməsi bu sikkələrin yerli zərbxanalarda istehsal edildiyini söyləməyə əsas verir. Arxa tərəfinə yunan hərfləri ilə “AT” monoqramının həkk edildiyi Ərşaki gümüş sikkələrinin Atropatenanın əsas şəhəri olan Ekbatan (Həmədan) zərbxanasında istehsal edildiyi və Cənubi Qafqazın pul dövriyyəsində istifadə edildiyi numizmatik qənaətlərlə təsdiqlənir. Uyğun dövrün gümüş drahmalarının tipoloji cəhətləri belədir: aversin (üst tərəfin) mərkəzi hissəsinə sola istiqamətlənmiş hökmdar büstü, reversin (arxa tərəfin) mərkəzi hissəsinə əyləşmiş vəziyyətdə, sağa istiqamətlənmiş, sağ əlində dartılmış yay (hakimiyyət rəmzi) olan insan təsviri (Ərşak nəzərdə tutulur), ətrafına yunanca - hökmdarın titulları (“çarlar çarı”, “yunanların dostu” və b.), bir sıra hallarda zərbxananı bildirmək məqsədilə monoqram həkk edilib.
Muzeydə saxlanılan bu sikkələr uyğun dövrün numizmatika tarixinin tədqiqi baxımından böyük əhəmiyyət daşıyır.