ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarixi Muzeyində bərpaçılar üçün təqdimat

Bakı, 6 may, AZƏRTAC
Özbəkistan Elmlər Akademiyasının Milli Arxeologiya Mərkəzinin Y.Qulamov adına Səmərqənd Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix elmləri namizədi Alsulu İsgəndərova Milli Azərbaycan Tarixi Muzeyində təqdimat keçirib.
Tarix Muzeyindən AZƏRTAC-a bildirilib ki, muzeyin Bərpa laboratoriyasının bərpaçıları üçün nəzərdə tutulmuş təqdimatda Alsulu İsgəndərova əsasən metal və keramika üzrə bərpa işlərinin aparılmasında yeni texnologiyaların tətbiqi barədə ətraflı məlumat verib. Həmçinin tədqiqatçı alim gələcəkdə bu texnologiyanın istifadəsinin genişlənməsi məqsədilə muzeyin bərpaçılarının Özbəkistan muzeylərində təlimlərdə təcrübə keçəcəklərini xüsusi vurğulayıb. O, muzeydə keramika üzrə master-klasların da keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Sonda Alsulu İsgəndərova arxeoloji materialların bərpası üzrə muzeyin mütəxəssislərinə tövsiyələrini verib.