CƏMİYYƏT
Milli Fəaliyyət Proqramının icrası üzrə yekun ictimai dinləmə keçirilib
Bakı, 22 iyul, AZƏRTAC
Xəbər verildiyi kimi, insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə cari ilin may-iyul aylarında ölkəmizin 56 şəhər və rayonunda ictimai dinləmələr keçirib. Həmin tədbirlərdə şəhər və rayonlar üzrə icra hakimiyyətlərinin, hüquq mühafizə orqanlarının, digər dövlət qurumlarının, bələdiyyələrin, yerli icmaların, qaçqın və məcburi köçkünlərin, milli azlıqların, QHT və KİV-lərin nümayəndələri, təhsil və səhiyyə işçiləri, habelə ağsaqqallar, fəal qadınlar və gənclər, geniş ictimaiyyət iştirak edib.
Yekun ictimai dinləmə iyulun 22-də – Milli Mətbuat Günündə Ombudsman tərəfindən Bakıda təşkil olunub.
Müvəkkil ölkəmizdə çalışan bütün KİV nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
E.Süleymanova ölkəmizdə həyata keçirilən geniş hüquqi islahatların tərkib hissəsi kimi insan hüquqları sahəsində görülmüş işlər, qəbul edilmiş normativ-hüquqi aktlar, habelə bu sahədə mühüm strateji sənədlər haqqında məlumat verib. O, MFP-nin 2-ci fəslində əhalinin müxtəlif qruplarının, o cümlədən qaçqın və məcburi köçkünlərin, hərbçilərin, qadınların, uşaqların, məhkumların hüquqlarının müdafiəsi sahəsində göstərilən vəzifələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsini, həyata keçirilmiş tədbirləri və müvafiq vəzifələri vurğulayıb. Müvəkkil sənədin bütün fəsilləri üzrə müvafiq bəndlərinin mərkəzi və yerli icra hakimiyyəti orqanları üçün vəzifələr müəyyənləşdirdiyini bildirib, prioritet istiqamətlər barədə danışıb.
Ombudsman vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti və əlçatanlığı, elektron xidmətlər, habelə bir çox neqativ halların, süründürməçiliyin və problemlərin qarşısının alınması baxımından “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətini nümunə göstərib, əhali arasında bu xidmətin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Dövlətin humanist siyasəti nəticəsində son illərdə imzalanmış 61 əfv Sərəncamının və 11 amnistiya aktının əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb, bu amnistiya aktlarından dördünün Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunduğu, 10 min məhkuma şamil edildiyi vurğulanıb.
MFP-nin təbliği və tətbiqi vəziyyəti üzrə fəaliyyəti, habelə qarşıda duran vəzifələri vurğulayan ombudsman 56 şəhər və rayonda keçirdiyi ictimai dinləmələr haqqında məlumat verib.
Müvəkkil yekun ictimai dinləmənin əsas mahiyyətini və əhəmiyyətini bir daha vurğulayıb, müzakirələr nəticəsində verilmiş təklif və tövsiyələrin ümumiləşdirilərək zəruri tədbirlərin görüləcəyini söyləyib.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov MFP-nin icrasının müzakirəsinə həsr edilmiş ictimai dinləmələrin əhəmiyyətini qeyd edib, bu tədbirləri təşkil edən ombudsmanın çoxşaxəli fəaliyyətini, parlamentlə səmərəli əməkdaşlığını, onun Milli Məclisdə illik məruzələrini, müxtəlif tədbirlərdə çıxışlarını, habelə işgüzarlığını yüksək dəyərləndirib. O, Azərbaycan Respublikası Konstitusiyasının, qanunların, MFP-nin təbliğinin, hüquqi maarifləndirmənin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun Ombudsman təsisatı ilə əməkdaşlığını müsbət qiymətləndirib. O, Milli Mətbuat Günü, görkəmli ziyalı, publisist, alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmuş “Əkinçi” qəzeti barədə məlumat verib, habelə dövlət tərəfindən mediaya göstərilən dəstəkdən söz açıb.
Sonra interaktiv və fəal şəraitdə keçən müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Pərviz Musayev, Ədliyyə Nazirliyinin idarə rəisi Faiq Qurbanov, Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin məsul əməkdaşı Məryəm Ömərova, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun nümayəndəsi Aidə Bəndəliyeva, Vəkillər Kollegiyasının Rəyasət heyətinin üzvü Sümbülə Əliyeva və digər iştirakçılar yekun ictimai dinləmənin əhəmiyyətini vurğulayıb, mövzu üzrə fikirlərini bölüşüblər. Onlar təmsil etdikləri qurumların fəaliyyəti, MFP-nin icrası və insan hüquqlarının təmini, hüquqi maarifləndirmə tədbirləri, müsbət təcrübə və uğurlar barədə məlumat veriblər.
Bakıdakı yekun ictimai dinləmə səmərəli fikir və təcrübə mübadiləsi şəraitində başa çatıb.