MƏDƏNİYYƏT


Milli Kino Günü üçün videomaterial hazırlanıb

Bakı, 2 avqust, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə hər il avqustun 2-də qeyd olunan Milli Kino Günü tarixdə ilk dəfə olaraq pandemiya dövrünə təsadüf edir. Məhz bu səbəbdəndir ki, bu gün xüsusi təmtəraqla qeyd edilmir. COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması səbəbi ilə ölkəmizdə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq Mədəniyyət Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası bu gün üçün kreativ addım atıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanfilm” Kinostudiyası xüsusi olaraq videomaterial hazırlayıb və kino işçilərini onlayn olaraq təbrik edib. 20 ildir qeyd olunan Azərbaycan Milli Kino Günü üçün özəl olaraq hazırlanan videomaterialda Azərbaycanın tanınmış simaları öz fikirlərini bölüşüblər.

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev bu günü daha yaxşı şəraitdə qeyd etməyi arzu edib: “Bu illər ərzində nə qədər insan itirmişik, onları yadıma salıram. 80-ci illərdən başlayaraq bizim rejissorlarımız, operatorlarımız, hamısı bu hadisələri çəkirdilər. Onlar olmasaydı, bəlkə də biz çoxunu bilməzdik”.

Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev 40 ildən artıqdır kino sahəsində olduğunu diqqətə çatdırıb: “Amma bu gün keçmiş haqqında düşünmürəm. Bu gün kinomuzun gələcəyi - müstəqil ölkənin müstəqil kinematoqrafiyasının yaranması haqqında düşünürəm”.

Aktrisa Günəş Mehdizadə kino sahəsində olduğuna görə özünü xoşbəxt hiss etdiyini bildirib. Həm də qeyd edib ki, onun kinoda ilk filmi Azərbaycan kinosunun mürəkkəb dövrünə təsadüf edib.

Əməkdar artist Tahir İmanov isə “Belə bir deyim var – “İncəsənət heç cür siyasətlə bağlı deyil”. Bu fikirlə qəti razı deyiləm. Kino incəsənətin digər sahələri kimi dövlət siyasəti ilə sıx təmasda olub və ölkəmizi müxtəlif dövrlərdə layiqincə təmsil edib, edir və edəcək”, - deyə fikirlərini bildirib.

Xalq artisti, Azərbaycan kinosuna saysız-hesabsız yaddaqalan filmlər bəxş edən Ramiz Fətəliyev kinonun insanı əsir götürdüyünü vurğulayıb: “Öz payıma deyirəm kino çox qəribə sənətdir, qəribə bir peşədir. İnsanı sanki əsir götürür. Özü də ömürlük...”

Azərbaycanın Xalq artisti, yaratdığı bir çox obrazlarla yaddaşlarda unudulmaz izlər buraxan sevimli aktyor Fəxrəddin Manafovun bu günlə bağlı çıxışı da maraq doğurur: “Kino… Kino haqqında düşünmürdüm, idman, futbolçu olmaq arzusunda idim. Futbolda uğurlarım da var idi, amma bir gün, bir anda fəlsəfəm dəyişdi, kino gəldi… KİNO!”, - deyə Fəxrəddin Manafov bildirib.

Qeyd edək ki, avqustun 2-si həm də sevimli aktyorumuzun ad günüdür.

Növbəti illərdə Milli Kino Günümüzün daha möhtəşəm keçirilməsi arzusu ilə - “Azərbaycanfilm” bütün kino işçilərini təbrik edir. Bayramınız mübarək, əziz Azərbaycan kinosunun fədakarları!

Hazırlanmış videomateriallara aşağıdakı linklərdən baxmaq olar- https://m.youtube.com/watch?v=5ofG94PN6QI&feature=emb_title

https://m.youtube.com/watch?v=WCbU450IBzw&feature=emb_title

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.