MƏDƏNİYYƏT
Milli Kitabxana Nəcibə Məlikovanın 100 illiyinə həsr olunmuş virtual sərgi hazırlayıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də milli kinomuzun və teatr sənətimizin inkişafında müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 100 illiyi tamam olur. O, klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində və bir qədər də komediyalarda müxtəlif rollar oynayıb. Nəcibə xanım teatrla yanaşı kinoda da uğurlu rollar yaradıb, onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilir.
Xalq artistinin 100 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Nəcibə Məlikova – 100” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə görkəmli aktrisanın həyat və yaradıcılığı haqqında kitab və məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Necibe_Melikova_100/index.htm linkindən istifadə edə bilərlər.